Bu gün:

Roma hava limanlarından Aİ-yə xəbərdarlıq


Roma hava limanlarının rəhbərliyi Avropa İttifaqının yeni rəqəmsal sərhəd nəzarəti sisteminin yay turizm mövsümündə ciddi problemlər yarada biləcəyi barədə xəbərdarlıq edib. Bildirilib ki, sərnişin sıxlığının və uzun növbələrin qarşısını almaq üçün sistemin tətbiqi müvəqqəti dayandırılmalıdır.


Romanın hava limanlarını idarə edən şirkətin baş icraçı direktoru Marko Tronkone bildirib ki, Avropa İttifaqının yeni Giriş-Çıxış Sisteminin (EES) yay aylarında tam tətbiqi hava limanlarında xaosa səbəb ola bilər.

Onun sözlərinə görə, Avropa İttifaqına daxil olan üçüncü ölkə vətəndaşlarının yeni biometrik prosedurdan keçmədən sərhədi adlamasına imkan verilməsi pik turizm mövsümündə yaranacaq problemlərin qarşısını almağın yeganə yoludur. Marko Tronkone qeyd edib ki, Avropanın digər hava limanlarının rəhbərləri də oxşar narahatlıqları ifadə ediblər.

Yeni qaydalara əsasən, Avropa İttifaqına ilk dəfə daxil olan üçüncü ölkə vətəndaşlarından, o cümlədən Böyük Britaniya vətəndaşlarından barmaq izləri və üz görüntüləri götürülür. Sistem birliyin xarici sərhədlərinə nəzarətin gücləndirilməsi məqsədilə yaradılıb.

Giriş-Çıxış Sistemi ötən ilin oktyabrında istifadəyə verilib, sonrakı gecikmələrdən artıq bu ilin aprel ayının ortalarında tam şəkildə tətbiq olunmağa başlanıb.

Lakin texniki problemlər səbəbindən sistemin fəaliyyəti çətinliklərlə müşayiət olunub. Nəticədə hava limanlarında uzun növbələr yaranıb, bəzi sərnişinlər isə uçuşlarını buraxıblar.

Yay mövsümündə sərnişin axınının daha da artacağı gözlənildiyindən, hava limanları rəhbərliyi mövcud vəziyyətin daha ciddi problemlərə səbəb ola biləcəyini vurğulayıb.


Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et