Bu gün:

Hüquqşünas ev heyvanlarının boşanma zamanı necə bölündüyünü izah edib


Nikah dövründə ümumi vəsait hesabına alınmış ev heyvanı birgə əldə edilmiş əmlak hesab oluna və boşanma zamanı bölüşdürülə bilər.

Foto: planeta-zakona

Nikah müddətində ər-arvadın ümumi vəsaiti ilə alınmış ev heyvanı boşanma zamanı birgə əldə edilmiş əmlakın tərkibinə daxil edilə və ümumi qaydalar əsasında bölüşdürülə bilər. Bu barədə "RİA Novosti"yə Rusiya Hüquqşünaslar Assosiasiyasının üzvü İvan Kurbakov məlumat verib.

Onun sözlərinə görə, belə mübahisələrə baxılarkən məhkəmələr yalnız heyvanın sahibliyini təsdiq edən sənədlərə əsaslanmırlar. Faktiki hallar da mühüm əhəmiyyət daşıyır: heyvana kimin qulluq etdiyi, onun saxlanılması ilə kimin məşğul olduğu, onu baytara kimin apardığı, müalicə və yem xərclərini kimin ödədiyi, həmçinin ər-arvad ayrı yaşamağa başladıqdan sonra heyvanın kimin yanında qaldığı nəzərə alınır.

Hüquqşünas qeyd edib ki, heyvan keçmiş həyat yoldaşlarından birinə verildikdən sonra digər tərəf ümumi əmlakdakı payına görə pul kompensasiyası almaq hüququna malik ola bilər. Bununla yanaşı, heyvanın daha sonra saxlanılması ilə bağlı xərclər adətən onun yanında qaldığı şəxsin üzərinə düşür.

Bundan əlavə, keçmiş həyat yoldaşları heyvanın saxlanılması məsələsini öz aralarında mülki-hüquqi razılaşma bağlayaraq və müvafiq xərclərin necə bölüşdürüləcəyini müəyyən edərək həll edə bilərlər.

Mənbə: vecherka-spb
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et