Əfqanıstanda Talibanın tətbiq etdiyi yeni nikah qaydaları qadınların boşanma imkanlarını daha da məhdudlaşdırıb. Məcburi evlilik, zorakılıq və istismar hallarında belə qadınların nikahlarını pozdurması getdikcə çətinləşir, bəzi hallarda isə mümkünsüz olur.

Fatimə 2025-ci ilin sonlarında valideynləri ilə birlikdə Əfqanıstanın şimalındakı rayon məhkəməsinə gəlib. O, hakimin uğursuz evliliyinə son qoymasına icazə verəcəyinə ümid edib.
Fatimə 2024-cü ilin yayında təşkil olunmuş nikahdan əvvəl həyat yoldaşını heç vaxt görməyib. Ailəsi dəfələrlə bəyi görmək istəyəndə onlara onun utancaq olduğu bildirilib. Yaxınlarının sözlərinə görə, Fatimə həqiqəti yalnız toy günü öyrənib. Məlum olub ki, onun əri ağır əqli və fiziki məhdudiyyətlərə malikdir, kömək olmadan nə qidalana, nə yuyuna, nə də geyinə bilir.
Sonrakı aylarda Fatimə yemək bişirib, ev işləri görüb, ərinə qulluq edib və ailənin mal-qarasına baxıb. Ona evdən çıxmağa nadir hallarda icazə verilib. Valideynlərinin evinə hər gəlişində ağlayıb, geri qaytarılmaması üçün yalvarıb.
Nəhayət, valideynləri qızlarının boşanma tələbi ilə məhkəməyə müraciət etməsinə razılıq veriblər.
Fatimənin anası Şirin deyib: “Hakim hamının qarşısında kürəkənimə yalnız bir sual verdi: ‘Bu qadın kimdir?’ O isə cavab verdi: ‘Bu mənim həyat yoldaşımdır.’ Bundan sonra hakim bəyin ailəsinə üz tutaraq dedi: "Gəlini aparın.”
Şirinin sözlərinə görə, iki Taliban silahlısı silahlarını Fatimənin valideynlərinə tuşlayıb. Bu vaxt qızın qayınatasıgil onu tutaraq zorla avtomobilə tərəf aparıblar.
“Qızım qışqırır, ağlayır və onlarla getmək istəmədiyini deyirdi. Amma heç kim ona qulaq asmadı”, – deyə Şirin bildirib.
Fatimənin başına gələnlər təkcə bir hakimin qərarının nəticəsi deyil. Bu hadisə əfqan qadınlarının nikahlarını müstəqil şəkildə pozmaq hüququnun demək olar ki, olmadığı hüquqi sistemin göstəricisidir.
Taliban hakimiyyətə gəlməzdən əvvəl də zorakılığa məruz qalan, təhqir edilən və ya həyat yoldaşı tərəfindən tərk edilən qadınların boşanması çətin proses sayılırdı. Bununla belə, məhdud da olsa, müəyyən hüquqi imkanlar mövcud idi. İndi isə həmin imkanlar da aradan qaldırılır.
Nəticədə, zorakı və ya istismar xarakterli evliliklərdə yaşayan qadınların ailələrinin qızlarını bu münasibətlərdən xilas etməsi getdikcə daha çətin, bəzi hallarda isə demək olar ki, mümkünsüz hala gəlir.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
