Bu gün:

MDU-da rəqəmsal idarəetmə modeli istifadəyə verilib


İyunun 17-də Mingəçevir Dövlət Universitetində (MDU) diferensial əməkhaqqı sisteminə keçid və professor-müəllim heyətinin akademik fəaliyyətinin nəticəyönümlü qiymətləndirilməsi ilə bağlı görüş keçirilib.

24media.az xəbər verir ki, kafedra müdirləri və struktur bölmə rəhbərlərinin iştirak etdiyi görüşdə Akademik Stimullaşdırma və İndeksləmə Sistemi – ASİS platforması təqdim olunub.

Bildirilib ki, asis.mdu.edu.az platforması akademik heyətin elmi-tədqiqat, layihə, innovasiya və peşəkar inkişaf fəaliyyətlərinin şəffaf, obyektiv və ölçüləbilən meyarlar əsasında qiymətləndirilməsi məqsədilə hazırlanıb.

Görüşdə MDU-nun Rəqəmsal İnkişaf və İnformasiya Texnologiyaları Mərkəzinin baş mütəxəssisi Əziz Əmiraslanov platformanın funksionallığı barədə təqdimat edərək sistemdə qeydiyyat, məlumatların daxil edilməsi və nəticələrin rəqəmsal platforma üzərindən formalaşdırılması mexanizmlərini izah edib. Platforma vasitəsilə akademik heyətin “Web of Science” və “Scopus” bazalarında indekslənən elmi məqalələri, beynəlxalq və milli layihələrdə iştirakı, patent fəaliyyəti, dərslikləri, eləcə də beynəlxalq dil və peşəkar sertifikatları sistemli şəkildə nəzərə alınacaq.

Yeni sistemin tətbiqi universitetdə akademik fəaliyyətin daha ədalətli qiymətləndirilməsinə, elmi məhsuldarlığın artırılmasına, sağlam rəqabət mühitinin formalaşdırılmasına və beynəlxalq elmi görünürlüğün gücləndirilməsinə xidmət edir. Cari ilin yekunları əsasında ASİS platforması üzərindən akademik heyətin fəaliyyət göstəricilərinə dair reytinqin formalaşdırılması nəzərdə tutulur.

Həvva Cəbrayılova 

Paylaş
Şərh əlavə et