Böyük Britaniya silahlı qüvvələri İngilis kanalında Rusiyanın "kölgə donanması"na məxsus "Smyrtos" neft tankerini altı saatlıq xüsusi əməliyyatla ələ keçirib. Kamerun bayrağı altında üzən gəmi dəniz piyadaları və hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra araşdırmalar üçün İngiltərə sahillərində nəzarət altına alınıb.

Baş nazir Kir Starmer bu əməliyyatın Rusiyaya növbəti ağır zərbə olduğunu və Ukraynadakı müharibəni maliyyələşdirənlərə gizlənə bilməyəcəkləri barədə ciddi xəbərdarlıq verdiyini bildirib. Londonun mart ayında qəbul etdiyi sanksiyalı gəmilərə qarşı hərbi gücdən istifadə qərarı bu addımla praktiki olaraq nümayiş etdirilib.
Rusiyanın sanksiyalardan qaçmaq üçün yaratdığı 700-dən çox gəmilik "kölgə donanması" ölkə neftinin 75%-ni daşımaqla Kreml üçün kritik maliyyə qaynağı rolunu oynayıb. Britaniya hökuməti isə indiyədək bu donanmaya daxil olan 500-dən çox gəmiyə sanksiya tətbiq edərək, onların limanlara girişini bloklayıb.
Kral Hərbi Hava və Dəniz Qüvvələrinin iştirak etdiyi bu əməliyyat Fransa tərəfi ilə sıx koordinasiya şəraitində, beynəlxalq hüquq normalarına uyğun reallaşdırılıb. Britaniya tərəfi Rusiyanın müharibə maşınını iflic etmək məqsədilə onun neft gəlirlərinə qarşı təzyiqləri daha da artırmağı hədəfləyib.
Mənbə: BBc
Tərcümə etdi: Zəhra Əliyeva
