İtaliyanın Kalabriya bölgəsində baş verən hadisə ölkədə xarici kənd təsərrüfatı işçilərinin istismarı problemini yenidən gündəmə gətirib. Avtomobildə olan üç Əfqanıstan və bir Pakistan vətəndaşı yanaraq ölüb, iki nəfər isə qətldə ittiham olunaraq saxlanılıb.

Hadisə Kozentsa şəhəri yaxınlığındakı Amendolara qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. İtaliya prokurorluğunun məlumatına görə, Pakistan vətəndaşı olan iki nəfər ağırlaşdırılmış qəsdən adam öldürmə ittihamı ilə həbs olunub.
Hadisə məntəqənin müşahidə kameraları tərəfindən qeydə alınıb. Dövlət televiziya kanalı Rai və digər İtaliya KİV-lərinin yayımladığı görüntülərdə şübhəlilərin yanacaqdoldurma məntəqəsində park edilmiş avtomobilin arxa hissəsinə maye tökərək onu alışdırdığı görünür. Onlar, həmçinin zərərçəkənlərin avtomobildən çıxmasının qarşısını almaq üçün qapıları bağlayıblar.
Avtomobildə olan dördüncü Əfqanıstan vətəndaşı qollarından yanıq xəsarətləri alsa da, baqaj hissəsindən çıxaraq xilas olmağı bacarıb.
Kalabriya regional xəbər xidməti TGR Calabria-ya danışan sağ qalan şəxs çiyələk yığımında çalışan fəhlə olduğunu bildirib. O, hücumu törədən şəxslərin “böyük Pakistan mafiyasının” üzvləri olduğunu iddia edərək, “sağ qalmağım möcüzədir”,- deyib.
Onun sözlərinə görə, qurbanlar silah və bıçaqla hədələnib, əməkhaqqı almadan işləməyə məcbur ediliblər. Onlara yalnız yemək və qalacaq yer verilib.
Hadisə İtaliyada xarici kənd təsərrüfatı işçilərinin istismarı və qeyri-qanuni əmək münasibətləri ilə bağlı narahatlıqları yenidən artırıb.
Mənbə:The Guardian
Tərcümə etdi:Fərid Tapdıqov
