Heyvanlara münasibət insanın şəxsiyyəti haqqında əsas göstəricilərdən biridir. Bu barədə “Gazeta.Ru”ya ailə psixologiyası üzrə mütəxəssis, ailə psixologiyası institutunun təsisçisi İnna Mirnaya danışıb.

Foto: osobystist/Shutterstock/
Əgər insan açıq şəkildə heyvanları sevmədiyini deyirsə, bu hər zaman narahatlıq üçün səbəb deyil. Lakin bəzi hallarda bunun arxasında daha dərin psixoloji problemlər dayana bilər.
“Heyvanları sevməmək normaldır. İnsan ya bu sahədə təcrübəyə malik olmaya, ya qorxu hiss edə, ya da sadəcə onlara bağlılıq duymaya bilər. Amma söhbət qıcıqlanma, nifrət və ya qəddarlıqdan gedirsə, bu artıq siqnaldır”, — deyə Mirnaya qeyd edib.
Psixoloqun sözlərinə görə, insanların gözündə heyvanlar adətən daha zəif və müdafiəsiz mövqedə olurlar.
“Heyvan mübahisə etmir, böyüklər kimi öz sərhədlərini müdafiə etmir. Buna görə də insanın heyvanlara münasibəti onun özündən daha zəif və ya ondan asılı olan insanlarla necə davrandığını göstərə bilər”, — deyə ekspert bildirib.
Onun fikrincə, yalnız sözlərə deyil, həm də insanın davranışına və danışıq tərzinə diqqət yetirmək lazımdır.
Əgər insan “mən heyvanları sevmirəm” desə də, onların yanında sakit davranır, aqressiya göstərmir və zərər verməyə çalışmırsa, bu bir vəziyyətdir. Amma “məni əsəbiləşdirirlər”, “onlara dözə bilmirəm” kimi ifadələr işlədir, kobud və sərt reaksiya verirsə, bu artıq başqa səviyyədir.
“Belə reaksiyalar empatiyanın aşağı olmasını göstərə bilər. İnsan başqalarının hisslərini, xüsusilə də bunu açıq şəkildə ifadə edə bilməyənlərin hisslərini anlamaqda və nəzərə almaqda çətinlik çəkir”, — deyə Mirnaya qeyd edib.
Digər vacib məqam nəzarət ehtiyacıdır. Psixoloqun sözlərinə görə, bəzi hallarda heyvanlara qarşı qıcıqlanma insanın hər şeyin nəzarət altında olmasını istəməsi ilə bağlı olur.
“Heyvanlar spontan davranırlar. Onlar böyüklərin məntiqinə uyğun hərəkət etmirlər. Əgər bu, insanda güclü gərginlik və ya qəzəb yaradırsa, bu, onun yüksək nəzarət ehtiyacından xəbər verə bilər”.
Münasibətlərdə bu xüsusiyyət partnyorun davranışını idarə etməyə çalışmaq, onun emosiyalarına və spontan hərəkətlərinə qarşı dözümsüzlük kimi özünü göstərə bilər.
Bununla belə, psixoloq tələsik nəticə çıxarmağın düzgün olmadığını qeyd edib.
“Tək bir amil heç vaxt insan haqqında tam mənzərə yaratmır. Davranışların ümumi sisteminə baxmaq vacibdir. Amma heyvanlara münasibət həqiqətən də nəzərə alınmalı olan göstəricilərdən biridir”, — deyə o əlavə edib.
Mənbə: gazeta.press
Tərcümə etdi: Aysel Mehtizadə
