Müslüm Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin “Musiqi dünyasına səyahət” adlı irimiqyaslı yekun konsert proqramı baş tutub.
24media.az xəbər verir ki, tədris ilinin yekunlarına həsr olunmuş tədbirdə məktəbin şagird və müəllim heyəti tamaşaçılara 22 nömrədən ibarət rəngarəng musiqi proqramı təqdim ediblər. Gənc istedadların ifasında səslənən klassik və müasir əsərlər salondakı qonaqlar tərəfindən böyük maraq və gur alqışlarla qarşılanıb.
Konsert çərçivəsində tarzən Elşən Tahirovun bədii rəhbərliyi altında məktəbin xalq çalğı alətləri ansamblı özünəməxsus repertuarla çıxış edib. Eyni zamanda, vokal müəllimi Dimitriy Babayevin sinif şagirdlərinin təqdim etdiyi möhtəşəm vokal ifaları gecəyə xüsusi rəng qatıb.
Musiqi gecəsinin çox gözlənilən bağlayıcı nömrəsini isə pedaqogika üzrə fəlsəfə doktoru, peşəkar xormeyster Vüsalə Məmmədovanın rəhbərlik etdiyi birləşmiş xor kollektivi yüksək ustalıqla nümayiş etdirib. Zəngin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə seçilən xor kollektivinin proqramında xalq mahnıları, klassik bəstəkar əsərləri və vətənpərvərlik ruhunda kompozisiyalar yer alıb. Repertuarda Azərbaycan xalq mahnısı “Sarı gəlin”, Aleksandr Borodinin məşhur “Knyaz İqor” operasından qızların xoru, Lalə Mehdiyevanın “Bizimdir gələcək” və Ayşən Səmədzadənin “Can Azərbaycan” əsərləri xüsusi peşəkarlıqla ifa olunub. Səhnədə xor kollektivini konsertmeysterlər Lalə Mehdiyeva və Nigar Hüseynzadə müşayiət ediblər.
Tədbirin yekununda çıxış edən musiqi məktəbinin direktoru Gülşən Quliyeva proqramın yüksək səviyyədə təşkil olunmasını müəllim və şagird heyətinin birgə fədakar əməyinin bəhrəsi kimi qiymətləndirib. Direktor gənc istedadların estetik zövqünün formalaşmasında və yaradıcılıq potensialının üzə çıxarılmasında bu növ hesabat konsertlərinin mühüm rol oynadığını vurğulayaraq, əməyi keçən bütün müəllim və təşkilatçı heyətinə dərin minnətdarlığını bildirib.




Həvva Cəbrayılova
