“İsrail və Azərbaycan arasında qardaşlaşmış şəhərlərin sayını artırmaq istəyirik” - Lev Spivak ilə müsahibə

“İsrail və Azərbaycan arasında qardaşlaşmış şəhərlərin sayını artırmaq istəyirik” - Lev Spivak ilə müsahibə

24media.az Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) sədri Lev Spivak ilə müsahibəni təqdim edir:

- Söhbətimizə “Azİz”in fəaliyyəti ilə bağlı başlamağınızı istərdim. Fəaliyyət istiqamətləriniz, ən böyük uğurlarınız oxucularımız üçün də maraqlı ola bilər.

- Bir müsahibədə “Azİz” haqqında nə qədər danışmaq olar bilmirəm, ancaq daha çox fəaliyyətimizin əsas istiqamətlərindən danışmaq istəyirəm. Fikrimcə, təşkilatımızın fəaliyyətinin bütün yönləri eyni dərəcədə vacibdir, əsas hədəfimiz  isə Azərbaycan və İsrail əlaqələrinin hər sahədə inkişafına töhfə verməkdir. “Azİz” yeni yarandığı dövrdə İsrailin siyasi həyatında Azərbaycan haqqında məlumatlı olan yox idi və bizi ilk dəstəkləyən “NDİ” partiyasının sədri, keçmiş nazir cənab Liberman oldu. O, hələ də bizi dəstəkləyir, sevindirici haldır ki, “Azİz”i dəstəkləyənlərin sayı daha da artıb. Gördüyümüz işlər nəticəsində Azərbaycan haqqında soruşsanız məlumatlı insanların sayının artdığının şahidi ola bilərsiniz. Bu, bizim işimizin ilk mərhələsi idi. İsraildən bir neçə deputatı və jurnalisti Bakıya dəvət etmişik və mətbuatda məqalələr dərc etdirmişik. Bunlara rus, ivrit və ingilis dilli qəzetlər daxildir. Fəaliyyətimizin ikinci istiqaməti kimi qarşılıqlı mədəni əlaqələri inkişaf etdirməyə çalışırıq. Müvafiq olaraq azərbaycanlı sənətçilərin İsraildə və israilli sənətçilərin Azərbaycanda konsertləri təşkil olunur. Hər zaman böyük sevinclə təklifimizi qəbul edib konsertlərdə iştirak edən sənətçilərə də ayrıca minnətdaram. Xüsusi olaraq qeyd edə bilərəm ki, azərbaycanlı rejissor Rüfət Əsədovun “Kənddəki son yəhudi” filminin İsraildəki təqdimatını uğurla həyata keçirtdik və film hər kəs tərəfindən bəyənildi. Bundan başqa, bütün Azərbaycan bayramlarını burada qeyd etdiyimiz kimi, yəhudi bayramları da Azərbaycanda qeyd olunur. Tariximizin fəciəli dövrlərini də unutmuruq. Hər il 20 Yanvar faciəsi və Xocalı soyqırımını İsraildə yad edir, Dağlıq Qarabağ haqqında həqiqətləri insanlara çatdırmağa çalışırıq. Qeyd etdiyim kimi, “Azİz”in bütün fəaliyyətini bir müsahibəyə sığışdırmaq çətindir, ümumi olaraq onu deyə bilərəm ki, əsas məqsəd iki ölkəni bir-birinə yaxınlaşdırmaqdır. Əlbəttə çox işlər görə bilərik. Bunun üçün bəzən fiziki gücümüz yetmir. Ümumilikdə, il ərzində 90-100 arası tədbirimiz olur. Ona görə də, istərdik ki, komandamıza qoşulanların say artsın.

Gələcək tədbirlər planınızda nələr nəzərdə tutulub?

- Gələcək üçün bir neçə planımız var. “Azİz”in qurultayını keçirməyi və avqust ayında məşhur azərbaycanlı yazıçı Çingiz Abdullayevi İsrailə qonaq etməyi planlaşdırırıq. İstəyirik ki, yazıçının yaradıcılıq gecəsi keçirilsin. Uzunmüddətli planımız isə İsrail və Azərbaycan arasında qardaşlaşmış şəhərlərin sayını artırmaqdır. Hazırda bu cür şəhərlərin sayı dörddür. Burada məqsəd şəhər icra hakimlərini və regionların əhalisini bir-biri ilə tanış etməkdir. Ümid edirəm ki, fəaliyyətimizin bu yönü də inkişaf edəcək və qardaşlaşmış şəhərlər bir-birilərinə qarşılıqlı deleqasiyalar göndərəcək.

- Azərbaycan və İsrailin ikitərəfli əlaqələrini necə qiymətləndirirsiniz?

- Azərbaycan və İsrail arasında qarşılıqlı əlaqələr möhtəşəm səviyyədədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışı zamanı vurğulamışdı ki, İsrail-Azərbaycan əlaqələri aysberqə bənzəyir, yəni görünən və görünməyən tərəfləri var, yəni əlaqələrimiz yüksək səviyyədədir. İsrailin Azərbaycana silah satışı, Azərbaycanın İsrailə neft və qaz hasilatı hər il artır. Bundan başqa şəxsi ticarət də inkişaf etməkdədir. Turizm sahəsində də nəzərə çarpacaq dərəcədə inkişaf var. İsraildən Azərbaycana gələn turistlərin sayındakı böyük artımı qeyd etmək istərdim. Əvvəllər Azərbaycan Hava Yolları İsrailə həftə ərzində iki uçuş gerçəkləşdirirdisə, hazırda uçuşların sayı 5-dək artıb. İsrailin Azərbaycana investisiya üçün qarantiyaları var və ümid edirəm ki, əlaqələrin inkişafı ildən-ilə artacaq.

Azərbaycan və İsrail əlaqələrinin gələcəyini necə görürüsünüz?

-Doğrusu, İsrail-Azərbaycan əlaqələrinin gələcək inkişafı barədə nəsə deyə bilmərəm. Çünki onlar indi ən yüksək səviyyədədir və bundan sonra daha nə qədər yüksəltmək olar ki?! Yeni bir sahə olaraq kosmos sahəsini qeyd etmək olar. İsrail və Azərbaycan kosmik dövlət olmaq yolunda irəliləyir və inanıram ki, bu səhədə qarşılıqlı əməkdaşlığı artırmaq olar. Azərbaycanın bu sahədə çox böyük imkanları və potensialı var. Eyni zamanda, İsrail dövləti də bu sahənin inkişafı üçün çalışır. Məsələn, "Falcon 9” raketi ilə İsrail istehsalı olan lunoxodun Aya göndəriməsi ölkəmizdə çox böyük sevincə səbəb olmuşdu. Qeyd etmək lazımdır ki, bu addım dövlət qurumu tərəfindən deyil ictimai bir təşkilat tərəfindən həyata keçirilimişdi. Bu sahədə iki ölkənin birgə addım atmasını çox istəyərəm. Göylərdən yuxarıda nə var ki?!

Sizcə, Azərbaycan və İsrail arasında nə kimi oxşarlıqlar var?

Məncə, oxşarlıqların sayı çoxdur. Mentalitetimiz bir-birinə oxşardır və bilmirəm əgər xəbəriniz varsa ivrit və azərbaycan dilindəki ümumi sözlərin lüğəti var və bu lüğətdə artıq bir neçə yüz söz toplanıb. İsraildə bir çox ölkədən olan yəhudilər yaşayır buna görə mətbəxlərimiz də bir-birinə yaxındır. İrandan olan yəhudilərin mətbəxi, ümumiyyətlə Azərbaycan mətbəxi ilə eynidir. İki ölkənin də idman sahəsində inkişafı göz önündədir. Doğrudur, ən məşhur idman növlərindən biri olan futbolda istənilən nəticələri əldə edə bilmirik. Ancaq bədii gimnastika, güləş, boks və digər bir çox idman növündə iki ölkənin idmançılarının uğurları gözə çarpır.

Azərbaycanda tolerantlığın möhkəmləndirilməsi üçün atılan addımları necə qiymətləndirisiniz?

Azərbaycanda tolerantlıq hər zaman olub, bu, xalqa məxsus xüsusiyyətdir. Bizim Azərbaycanda yaşayan ulu babalarımız hansı dinə mənsub olduqlarını düşünməzdən öncə yaxşı qonşu olmaq haqqında düşünüblər. Azərbaycanda bütün dini və etnik qrupların qarşılıqlı hörmətlə yaşaması bir ənənədir və dövlətin də bu sahəyə dəstəyi çox yaxşı haldır. Məncə, Azərbaycandakı tolerantlıq bütün dünyaya nümunə kimi göstərilməlidir. Bununla da, insanlar dünyanın çətin günlər yaşadığı dövrdə firavan yaşamağın mümkünlüyünün şahidi ola bilərlər.