Afrika qitəsində baş verən geoloji proseslər alimləri narahat etməyə davam edir. Son tədqiqatlara əsasən, qitənin şərq hissəsində yerləşən aktiv yarıq sistemi gözləniləndən daha sürətlə inkişaf edib. Mütəxəssislər bildiriblər ki, bu proses gələcəkdə yeni okeanın yaranmasına gətirib çıxara bilər.
Alimlərin araşdırmalarına görə, Keniya və Efiopiya ərazilərindən keçən yarıq zonasında yer qabığı ciddi şəkildə nazilib. Bəzi bölgələrdə qabığın qalınlığı 35 kilometrdən 13 kilometrə qədər azalıb. Bu mərhələ qitənin parçalanmasının qaçılmaz olduğunu sübut edən əsas geoloji göstəricilərdən biri hesab olunur. Mütəxəssislərin fikrincə, növbəti mərhələdə maqma yer səthinə çıxaraq yeni okean dibinin formalaşmasına səbəb olacaq. Uzun müddətdə Hind okeanının suları bu yarıq sahəsini dolduraraq, Afrika qitəsini iki hissəyə ayıracaq. Nəticədə, qitə Nubiya və Somali plitələrinə bölünəcək və dünya xəritəsində əhəmiyyətli dəyişiklik baş verəcək.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
