Bu gün:

İran yenidən Hörmüz boğazını bağlayıb


İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin öhdəliklərini pozması  səbəbi ilə Hörmüz boğazı üzərində tam nəzarətin yenidən bərpa edildiyini açıqlayıb. Bu qərarla boğaz cəmi 19 saat açıq qalmış olub. 

"24media.az" "Haberler.com"a istinadən bildirir ki, İranın xarici işlər naziri Abbas Əraqçi dünən verdiyi açıqlamada bildirib ki, Livandakı atəşkəsə uyğun olaraq, atəşkəs müddəti bitənədək Hörmüz boğazı bütün ticarət gəmilərinin keçidi üçün açıq olacaq. Bu qərardan sonra ABŞ prezidenti Donald Tramp əvvəlcə İrana təşəkkür edib, daha sonra isə İranla razılıq əldə olunana qədər Hörmüzdə blokadaya davam ediləcəyini deyib. Trampın bu mövqeyi İranın qərarını dəyişməsinə səbəb olub və İnqilab Keşikçiləri Korpusu boğazın yenidən tam nəzarət altına alındığını açıqlayıb.

İran Silahlı Qüvvələrinin əməliyyatları idarə edən bölməsi — Xatəmül-Ənbiya Mərkəzi Qərargahı Hörmüz boğazı ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, İran danışıqlarda əldə edilən razılaşmaya uyğun olaraq yaxşı niyyət göstəricisi kimi məhdud sayda mülki gəminin nəzarətli keçidinə icazə verib. Lakin ABŞ əvvəlki dövrlərdə olduğu kimi öhdəliklərinə əməl etməyərək dəniz blokadasını davam etdirib. Bu səbəbdən Hörmüz boğazının yenidən bağlandığı və İran Silahlı Qüvvələri tərəfindən ciddi nəzarətdə saxlanılacağı bildirilib. Həmçinin vurğulanıb ki, ABŞ İran istiqamətində hərəkət edən gəmilərin sərbəst hərəkətinə icazə verənədək bu sərt nəzarət davam edəcək.

Hörmüzdəki blokada böhranından qısa müddət əvvəl ABŞ və İran arasında yeni danışıqların tarixi də açıqlanıb. İran və ABŞ nümayəndə heyətləri arasında növbəti görüş 20 aprel, bazar ertəsi günü İslamabad şəhərində keçiriləcək. Digər tərəfdən, Tramp əvvəlki açıqlamasında “İran boğazın tam açıq olduğunu və keçidlərə hazır olduğunu elan edib, təşəkkür edirəm” deyib. Daha sonra isə əlavə edib ki, Hörmüz boğazı açıqdır, lakin İranla aparılan proses 100% tamamlanana qədər İrana qarşı dəniz bolkadası davam edəcək.

Tramp həmçinin bildirib ki, İran boğazdakı minaları ya artıq ABŞ-nin köməyi ilə təmizləyib, ya da hazırda təmizləyir. O qeyd edib ki, Hörmüz boğazı məsələsi İsrail–Livan razılaşması ilə bağlı deyil və Livan prosesi ayrıca davam edir. 8 aprel tarixində İran ilə ABŞ arasında əldə olunan atəşkəs razılaşmasının vasitəçisi, Pakistanın baş naziri Şahbaz Şərifatəşkəsin Livanı da əhatə etdiyini bildirib. Lakin sonradan ABŞ administrasiyası İsrailin Livana hücumlarının İranla əldə edilən müvəqqəti atəşkəsin bir hissəsi olmadığını iddia edib.

İran rəsmiləri isə atəşkəsin Livan da daxil olmaqla bölgədəki bütün münaqişələrin dayandırılmasını nəzərdə tutduğunu və ABŞ ilə danışıqların Livanda atəşkəs elan olunmasından asılı olduğunu bildiriblər. ABŞ prezidenti Donald Tramp dün tərəflərin 10 günlük atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. İsrailin baş naziri Netanyahu isə bu atəşkəsi qəbul etdiklərini, lakin Livanın cənubunda işğal etdikləri ərazilərdə qalmağa davam edəcəklərini bildirib.

Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et