Bu gün:

Britaniyada Avropa Birliyinə qayıdışa dəstək artır


"Brexit" referendumundan 10 il sonra Böyük Britaniyada seçicilərin yarıdan çoxu ölkənin yenidən Avropa Birliyinə qoşulmasını dəstəkləyib. Araşdırmalar ictimai rəydə mühüm dəyişimin baş verdiyini göstərib.

Avropa Birliyinin bayrağı

Mütəxəssislər bildiriblər ki, hakim Leyborist Partiyasının Avropa Birliyi ilə bağlı ehtiyatlı və qeyri-müəyyən yanaşması həm proqressiv seçicilər, həm də “qırmızı divar” kimi tanınan seçki dairələrində dəstəyin azalması riski yaradıb.


"Best for Britain" təşkilatının apardığı araşdırma göstərib ki, seçicilər arasında yalnız vahid bazara qoşulmaq deyil, birbaşa Avropa Birliyinə tam qayıdışa dəstək getdikcə artıb.


Sorğunun nəticələrinə görə, hökumətin Avropa Birliyi ilə bağlı mövcud siyasətini seçicilərin 61 faizi dəstəkləyib, lakin onların yalnız 19 faizi bu mövqeyi qəti şəkildə müdafiə etdiyini bildirib.


Böyük Britaniyanın Avropa Birliyinə tam üzvlüyünün bərpasını ümumilikdə seçicilərin 53 faizi dəstəkləyib. Bu göstərici Leyborist Partiyası seçiciləri arasında 83 faiz, Liberal Demokratlar arasında 84 faiz, Yaşıllar Partiyası tərəfdarları arasında isə 82 faiz təşkil edib.


Digər tərəfdən, Mühafizəkarlar Partiyası və "Reform UK" seçiciləri arasında bu təşəbbüsə dəstək müvafiq olaraq 39 və 18 faiz səviyyəsində qeydə alınıb.


Mütəxəssislər qeyd ediblər ki, ictimai rəydə müşahidə olunan bu dəyişikliklər ölkənin gələcəkdə Avropa ilə münasibətlərinə ciddi təsir göstərə bilər.

Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et