Bu gün:

“Liverpul” Ekitikenin uzun müddət sıradan çıxacağından ehtiyat edir


İngiltərənin “Liverpul” klubunun hücumçusu Hugo Ekitike Çempionlar Liqasında Paris Sen-Jermen ilə keçirilən oyunda zədələndikdən sonra uzun müddət meydanlardan uzaq qala bilər. Hadisə matçın ilk hissəsində baş verib və futbolçu oyunu xərəkdə tərk edib.

Oyunun gedişində zədələnən Hugo Ekitike meydanı xərəkdə tərk edərkən

Klubdan verilən məlumata görə, 23 yaşlı hücumçunun Axilles vətərində zədə şübhəsi var və bu səbəbdən o, qarşıdakı dünya çempionatını buraxa bilər. Tibbi müayinələrin nəticələrinin zədənin nə dərəcədə ciddi olduğunu dəqiqləşdirəcəyi gözlənilir.

Qeyd edək ki, Liverpul ötən ilin yayında futbolçunu Almaniyanın “Ayntraxt Frankfurt” klubundan transfer edib. Ekitike bu mövsüm komandanın ən məhsuldar oyunçularından biri olub, bütün turnirlərdə 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Komandanın baş məşqçisi Arne Slot oyun sonrası açıqlamasında futbolçunun vəziyyətinin yaxşı görünmədiyini bildirib: “Hamımız gördük ki, vəziyyət yaxşı deyildi. Nəticəni gözləməliyik, amma bu, ciddi görünür”.

Mütəxəssis əlavə edib ki, zədələr komanda üçün bu mövsüm ciddi problemə çevrilib. Daha əvvəl də bir neçə əsas oyunçu müxtəlif səbəblərdən sıradan çıxıb və bu, komandanın çıxışına təsir göstərib.

Ekitike yanvar ayında klub tarixində debüt mövsümündə beş fərqli turnirdə qol vuran nadir futbolçulardan biri olub. O, həmçinin Fransa milli futbol komandası ilə debüt edib və qarşıdakı dünya çempionatında iştirak edəcək heyətə daxil ediləcəyi gözlənilirdi.

Hazırda “Liverpul”da bir neçə futbolçu zədə səbəbindən heyətdən kənarda qalıb. Qapıçı Alisson Becker və yarımmüdafiəçi Wataru Endo də bərpa prosesini davam etdirir.

Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et