Bu gün:

İspaniya miqrantlara qanuni status verəcək planı təsdiqləyib


İspaniya hökuməti ölkədə qeyri-qanuni yaşayan təxminən 500 min miqranta qanuni status verilməsini nəzərdə tutan planı təsdiqləyib. Qərar onlara əmək bazarına rəsmi şəkildə inteqrasiya imkanı yaradacaq.

İspaniyanın Baş naziri Pedro Sançez 14 aprel 2026-cı il tarixində Pekində mətbuat konfransında iştirak edib/ Reuters

Baş nazir Pedro Sançez bu addımı ədalət aktı və ölkə üçün zərurət kimi qiymətləndirib. O, sosial şəbəkədə yayımladığı müraciətdə bildirib ki, bu qərar İspaniyada artıq gündəlik həyatın bir hissəsinə çevrilmiş yüz minlərlə insanın reallığının tanınması deməkdir.

Plan çərçivəsində sənədsiz miqrantlara bir illik yenilənə bilən oturma icazəsi verilməsi nəzərdə tutulur. Müraciət edən şəxslər İspaniyada ən azı beş aydır yaşadıqlarını və cinayət qeydi olmadığını sübut etməlidirlər. Müraciət prosesi 16 aprel tarixindən iyunun sonunadək davam edəcək.

Lakin müxalifətdəki Xalq Partiyası planı kəskin tənqid edərək bunun qeyri-qanuni miqrasiyanı təşviq edəcəyini və yeni axına səbəb olacağını iddia edir. Partiya planı bloklamağa çalışacağını açıqlayıb. Funcas araşdırma mərkəzinin məlumatına görə, İspaniyada hazırda təxminən 840 min sənədsiz miqrant yaşayır. Onların böyük hissəsi Latın Amerikasındandır.

Bəzi miqrantlar qərarı müsbət qarşılayırlar və bunun onlara daha stabil iş və həyat şəraiti yaradacağını düşünürlər. Katolik Kilsəsi də hökumətin təşəbbüsünü dəstəkləyib.

Qeyd edək ki, Avropanın bir çox ölkəsi miqrasiya qaydalarını sərtləşdirdiyi bir vaxtda İspaniya daha əvvəl də bu cür amnistiya proqramları həyata keçirib. Son belə proqram 2005-ci ildə həyata keçirilmiş və 577 min nəfərə yaşayış icazəsi verilib.

Mənbə: BBC

Tərcümə etdi: Nərmin Məmmədzadə

Paylaş
Şərh əlavə et