Avropa futbolunun ali idarəedici qurumu olan UEFA, “Barselona” klubunun VAR qərarı ilə bağlı etdiyi rəsmi etirazı qüvvədə saymayıb. Qərar qurumun İntizam və Etika Komitəsi tərəfindən qəbul edilib.
“Barselona” futbolçularının oyunda baş verən epizoddan sonra hakim qərarına etiraz etdiyi an
Bu barədə məlumat "BBC-Sports"-da yer alıb. Bildirilib ki, münaqişə UEFA Çempionlar Liqası çərçivəsində keçirilən “Barselona” – “Atletiko Madrid” qarşılaşmasında qeydə alınıb.
Oyunun 54-cü dəqiqəsində “Barselona”nın xeyrinə penalti təyin olunmalı olduğu iddia edilib. Klub nümayəndələrinin fikrincə, “Atletiko Madrid”in müdafiəçisi Mark Pubil cərimə meydançasında topa əllə müdaxilə edib. Lakin baş hakim İştvan Kovaç oyunu davam etdirib və VAR hakimi Kristian Dingert epizoda müdaxilə etməyib.
“Barselona” rəhbərliyi bu qərarı “ciddi hakim səhvi” kimi qiymətləndirərək oyunun nəticəsinə təsir etdiyini bildirib və məsələ ilə bağlı araşdırma aparılmasını tələb edib.
Bununla belə, UEFA açıqlamasında qeyd edib ki, klubun etirazı “qəbulolunmaz” hesab edilib və mövcud qaydalara əsasən şikayət təmin olunmayıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu “Atletiko Madrid”in meydanında keçiriləcək və ilk görüşdə Madrid təmsilçisi 2:0 hesablı üstünlük əldə edib.
Fatimə Salmanlı
