İranla əlaqəsi olan dörd gəmi ABŞ-nin dəniz blokadasına baxmayaraq Hörmüz boğazından keçib. Bu barədə gəmi izləmə məlumatları göstərir.

"24media.az" "BBC.news"a istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı bazar ertəsi günündən etibarən “İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatına” blokada tətbiq ediləcəyini açıqlayıb. Amma bildirilib ki, digər ölkələrə gedən və ya gələn gəmilərin boğazdan keçməsinə mane olunmayacaq. Gəmi izləmə saytı MarineTraffic-in məlumatına görə, boğazdan keçən iki gəmi əvvəllər İran limanlarında olub.
“Christianna” adlı yük gəmisi blokada qüvvəyə mindikdən sonra bazar ertəsi qərbdən boğazı keçib. Bu gəmi bundan əvvəl İrandakı Bəndər İmam Xomeyni limanına daxil olub. “Elpis” adlı tanker isə bazar ertəsi gecə saatlarında şərq istiqamətində boğazdan keçib. Məlumatlara görə, bu gəmi İranın Buşəhr limanından gəlib. Gəmi İranla bağlı ticarətə görə ABŞ sanksiyaları altındadır və hara getdiyi məlum deyil. Boğazdan keçən gəmiləri izləmək çətinləşir. Çünki bəzi gəmilər yerləşmə siqnallarını saxtalaşdırır və ya ümumiyyətlə məlumat paylaşmır.
ABŞ tərəfindən sanksiyaya məruz qalan və İranla əlaqəsi olan daha iki tanker – “Rich Starry” və “Murlikishan” da gecə saatlarında boğazdan keçib. Məlumatlara görə, bazar ertəsi blokada başlayandan sonra İranla açıq əlaqəsi olmayan ən azı üç gəmi də boğazdan keçib. Hörmüz boğazı ABŞ-İsrail və İran arasında müharibədə əsas nöqtəyə çevrilib. Çünki Tehran dünyanın ən vacib dəniz yollarından birini faktiki olaraq bağlayıb.
ABŞ prezidenti Donald Tramp bildirib ki, blokada İranın boğazı açmaqdan “qəsdən imtina etməsinə” cavabdır. O həmçinin xəbərdarlıq edib ki, ABŞ donanmasına hücum edən istənilən iranlı “məhv ediləcək” və İrana keçid haqqı ödəyən gəmilərə qarşı tədbir görüləcək. Münaqişə altı həftə əvvəl başlayandan bəri dəniz daşımalarında yaranan problemlər qlobal iqtisadiyyata ciddi təsir edib, enerji qiymətlərini qeyri-sabit hala gətirib və beynəlxalq tədarük zəncirlərinin bu marşrutdan nə qədər asılı olduğunu göstərib.
Birgə Dəniz Məlumat Mərkəzinin məlumatına görə, münaqişə fevralın 28-də başlamazdan əvvəl hər gün orta hesabla 138 gəmi bu boğazdan keçib. Ekspertlər deyir ki, İranla əlaqəsi olmayan gəmilərin keçidi artsa, içi yüklə dolu və gözləyən tankerlərin çıxarılması prioritet olacaq. “Bir neçə həftədir orada təxminən 800 gəmi qalıb. Onların çoxu yüklüdür və əsas məqsəd onları çıxarmaq olacaq”, – Lloyd’s List-in baş redaktoru Richard Meade bildirib.
BBC Verify-in təhlilinə görə, boğazdan keçən gəmilər İran sahillərinə yaxın, şimal marşrutu ilə hərəkət edir. Münaqişədən əvvəl isə gəmilər adətən boğazın ortasından, daha cənub marşrutu ilə keçirdi. Beynəlxalq Dəniz Ticarət Palatasının baş katibi Thomas Kazakos bildirib ki, digər risk dəniz minalarıdır. O deyib: “Gəmilərin və dənizçilərin təhlükəsiz hərəkət etməsi üçün tam təminat olmalıdır”.
Banuçiçək Qurbanova
