Tottenhemin kapitanı Kristian Romero diz zədəsi səbəbindən mövsümün qalan hissəsində iştirak etməyəcək. Bu itki komandanın Premyer Liqada qalmaq mübarizəsini daha da çətinləşdirir.
Kristian Romero/ Getty images
Tottenhemin və Argentina millisinin müdafiəçisi Kristian Romero “Sanderlend”ə qarşı keçirilən oyunda aldığı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. 27 yaşlı futbolçu qarşılaşma zamanı qapıçı Antonin Kinski ilə toqquşmadan sonra oyunu tərk edib.
Aparılan tibbi müayinələr nəticəsində Romeroda dizin medial bağında ciddi yırtıq aşkarlanıb. Həkimlərin proqnozuna görə, o, təxminən səkkiz həftəlik müddətdə olmayacaq və bu da mövsümün sonuna qədər oynaya bilməyəcəyi deməkdir.
Onun yoxluğu yeni baş məşqçi Roberto De Zerbi üçün ciddi problem yaradır. İtaliyalı mütəxəssis Romeronu komandanın əsas və lider oyunçularından biri kimi qiymətləndirib.
Hazırda “Tottenhem” Premyer Liqada 18-ci pillədə qərarlaşıb və aşağı liqaya düşmə təhlükəsi ilə üz-üzədir. Komanda təhlükəli zonadan çıxmaq üçün mübarizə aparsa da, əsas müdafiəçisinin itirilməsi vəziyyəti daha da ağırlaşdırır.
Bundan əlavə, Romeronun yayda keçiriləcək dünya çempionatında Argentina millisində iştirak edib-etməyəcəyi də sual altındadır.
Mənbə: BBC
Tərcümə etdi: Nərmin Məmmədzadə
