Bu gün:

İran–ABŞ danışıqlarının heç bir nəticə olmadan başa çatdığı bildirilib


Pakistanın paytaxtı İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında keçirilən uzunmüddətli danışıqlar razılaşma olmadan yekunlaşıb. Tərəflər arasında fikir ayrılıqları əsasən təhlükəsizlik, nüvə proqramı və qarşılıqlı etimad məsələlərində cəmləşib.

Danışıqların başa çatmasından sonra ABŞ-nin vitse-prezidenti Cey Di Vens mətbuat konfransı keçirib – 12 aprel 2026

24Media.az "BBC"yə istinadən bildirir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens danışıqlardan sonra bildirib ki, Vaşinqton öz “qırmızı xətlərini” açıq şəkildə təqdim edib və İrana son təkliflərini irəli sürüb. Onun sözlərinə görə, 21 saat davam edən görüşlərə baxmayaraq, tərəflər ortaq məxrəcə gələ bilməyib. Vens vurğulayıb ki, ABŞ üçün əsas şərt İranın nüvə silahı əldə etməyəcəyinə dair qəti öhdəlik götürməsidir.

İran tərəfi isə danışıqların qarşılıqlı güvənsizlik və şübhə mühitində keçdiyini qeyd edib. Nümayəndə heyətinə rəhbərlik edən Məhəmməd Baqir Qalibaf ABŞ-nin Tehranın etimadını qazana bilmədiyini deyib. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə Vaşinqtonu həddindən artıq və hüquqa zidd tələblərdən çəkinməyə və İranın “qanuni maraqlarını” qəbul etməyə çağırıb. O əlavə edib ki, belə mürəkkəb prosesdə dərhal razılaşma əldə olunması gözlənilən deyildi.

Danışıqlardan sonra ABŞ nümayəndə heyəti Pakistanı tərk edib. Bu vəziyyət aprelin 7-də əldə olunmuş və iki həftə davam etməsi nəzərdə tutulan şərti atəşkəsin taleyini də qeyri-müəyyənləşdirib.

Eyni zamanda, regionda hərbi gərginlik də diqqət mərkəzindədir. ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazından iki hərbi gəminin keçdiyini açıqlayıb. Rəsmi məlumata görə, bu addım dənizdə təhlükəsiz marşrutun yaradılması və ticarət gəmilərinin sərbəst hərəkətinin təmin olunması məqsədi daşıyır. İran tərəfi isə bəzi iddiaları təkzib edib.

Digər tərəfdən, münaqişənin genişlənməsi fonunda Livan məsələsi də danışıqların həssas mövzularından biri olaraq qalır. ABŞ və İsrail bu ölkənin mümkün razılaşmaya daxil olmadığını bildirsə də, vasitəçi tərəflər Livanın da prosesə aid olduğunu vurğulayır. Yaxın günlərdə Vaşinqtonda yeni görüşlərin keçirilməsi planlaşdırılır.

Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et