Bu gün:

Böyük Britaniya Çaqos adaları ilə bağlı qanun layihəsini dayandırıb


ABŞ-nin dəstəyi geri çəkməsindən sonra Böyük Britaniya hökuməti Çaqos adalarını Mavrikiyə qaytarmaq planını həyata keçirmək üçün nəzərdə tutulan qanunvericiliyi qəbul edə bilməyib.

Çaqos adalarının görüntüsü

Böyük Britaniya hökuməti Çaqos adalarını Mavrikiyə təhvil verməyi nəzərdə tutan qanun layihəsini gündəlikdən çıxarıb. Rəsmilər mövcud parlament sessiyasının yaxın həftələrdə başa çatacağını nəzərə alaraq qanunun qəbul edilməsi üçün vaxtın yetmədiyini qəbul edib.


Qeyd olunub ki, Çaqos adalarının Mavrikiyə qaytarılması istiqamətində aparılan prosesdə son geriləmə ABŞ ilə Böyük Britaniya arasında münasibətlərin gərginləşdiyini göstərib. Bu vəziyyət Donald Trampın İran müharibəsinin idarə olunması ilə bağlı Böyük Britaniyanın Baş naziri Keyr Starmeri sərt tənqid etməsindən sonra daha da qabarıq şəkildə özünü göstərib.


ABŞ prezidenti daha əvvəl bu planı tənqid edərək Starmerə bunun böyük bir səhv olduğunu bildirib. Söhbət Böyük Britaniyanın adalar üzərində suverenliyi Mavrikiyə verməsi müqabilində ABŞ və Böyük Britaniyanın Dieqo Qarsiya adasındakı hərbi bazadan istifadəsini davam etdirməsindən gedib. Bununla belə, fevral ayında Tramp mövcud şəraitdə bunun “ən yaxşı razılaşma” olduğunu da qeyd edib. O, ötən il Starmerin Ağ Evə səfəri zamanı da bu razılaşmanı dəstəkləyib.


Razılaşmaya əsasən, Böyük Britaniya Çaqos adaları üzərində suverenliyi Mavrikiyə verib, arxipelaqın ən böyük adası olan Dieqo Qarsiyanı isə 99 il müddətinə icarəyə götürərək burada yerləşən birgə hərbi bazanın fəaliyyətini davam etdirməyi planlaşdırıb.


Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et