Çinin prezidenti Si Cinpin Pekində Tayvanın əsas müxalifət qüvvəsi olan Gomindanq Partiyasının lideri Çenq Li-vunu qəbul edib. Bu nadir görüş zamanı tərəflər boğazlararası münasibətlərdə sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayıb.

Çenq Li-vu son 10 ildə Çinə səfər edən ilk fəaliyyətdə olan müxalifət lideri olub. 2016-cı ildə Tsay İnq-ven hakimiyyətə gəldikdən sonra Pekin Tayvanla yüksək səviyyəli əlaqələri dayandırmışdı. Hakim Demokratik Proqressiv Partiya isə bu səfəri tənqid edərək onu Pekinə yaxınlıqda ittiham edib.
Görüşdə Si Cinpin bildirib ki, hər iki tərəf gələcək nəsillər üçün sülh və sabitliyi təmin etməyə çalışmalıdır. O, Tayvan müstəqilliyinə qarşı olan qüvvələrlə dialoqu genişləndirməyə hazır olduqlarını qeyd edib.
Çenq Li-vu isə çıxışında bu cür əlaqələrin dünya sülhünə töhfə verə biləcəyini bildirib. Onun sözlərinə görə, Çin xalqının dirçəlişi hər iki tərəfin ortaq məqsədidir.
Hazırda Pekin Tayvan prezidenti Lay Çin-te ilə rəsmi danışıqlardan imtina edir və onu separatçı adlandırır. Tayvan cəmiyyətində isə əksəriyyət mövcud vəziyyətin qorunmasını dəstəkləyir.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
