Bu gün:

Livana endirilən zərbələr Yaxın Şərqdə gərginliyi yenidən artırıb


İran prezidenti Məsud Pezeşkian İsrailin Livan ərazisinə qarşı həyata keçirdiyi son hava hücumlarının mövcud atəşkəsi açıq şəkildə pozduğunu bəyan edib.

Beyrut şəhərində həlak olan şəxsin dəfn mərasimində həyat yoldaşı və anasının kədərli anları - 9 Aprel 2026

24Media.az "BBC"yə istinadən bildirir ki, Pezeşkian, həmçinin bildirib ki, İran “Livanlı qardaşlarını tək qoymayacaq” və rəsmi Tehran zərurət yaranacağı təqdirdə cavab verməyə hazırdır.

Bu açıqlama İsrail ordusunun Beyrutun cənub bölgəsi üçün yeni təxliyə çağırışları etdiyi bir dövrdə səslənib. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, son hücumlar nəticəsində 200-dən çox insan həlak olub, minlərlə yaralı var.

Benyamin Netanyahu isə İsrailin Hizbullah mövqelərinə qarşı əməliyyatları davam etdirəcəyini açıqlayıb. Onun sözlərinə görə, ölkənin şimalında təhlükəsizlik tam bərpa olunana qədər hərbi əməliyyatlar dayandırılmayacaq.

İran rəsmiləri bildirirlər ki, ABŞ ilə əldə olunan razılaşma Livanı da əhatə etməlidir. Xarici işlər nazirinin müavini Səid Xətipzadə İsrailin hücumlarını atəşkəsin ciddi pozuntusu adlandıraraq ABŞ-ni mövqeyini dəqiqləşdirməyə çağırıb.

Donald Tramp isə əks mövqe sərgiləyərək bildirib ki, razılaşmanın şərtlərinə əməl olunmadığı təqdirdə genişmiqyaslı hərbi güc tətbiqi mümkündür. O, eyni zamanda Hörmüz boğazından keçidin açıq və təhlükəsiz qalmasının vacibliyini vurğulayıb.

İran isə Livandakı hücumlara cavab olaraq boğazda nəqliyyatın müvəqqəti məhdudlaşdırıldığını açıqlayıb.

Məlumata görə, İranın təklif etdiyi plan yalnız öz ərazisində deyil, həmçinin Livan, İraq və Yəməndəki qarşıdurmaların da dayandırılmasını nəzərdə tutur. Lakin İsrail və ABŞ bu yanaşmanı qəbul etmir.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib ki, razılaşmanın bir neçə şərti artıq pozulub və bu şəraitdə danışıqların davamı sual altındadır.

Qeyd edilib ki, tərəflərin nümayəndələrinin 10 aprel tarixində görüş keçirməsi planlaşdırılır, lakin Livandakı son hücumlar danışıqlar prosesini daha da riskə atır.

Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et