Bu gün:

ABŞ–İran razılaşması əldə olunsa da, bölgədə bəzi risklər qalmaqdadır


ABŞ ilə İran arasında şərtli atəşkəs razılaşmasından sonra regionda həm diplomatik, həm də hərbi baxımdan mürəkkəb və ziddiyyətli proseslər davam edir.

Dünya xəritəsi üzərində ABŞ-İsrail və İran bayraqları 

24media.az "BBC"yə istinadən bildirir ki, ABŞ prezidenti Donald Tramp Hürmüz boğazının beynəlxalq gəmiçiliyə açılması şərti ilə iki həftəlik atəşkəsin tətbiq olunduğunu açıqlayıb. İran tərəfi də bu şərti qəbul etdiyini bildirərək hücumların dayandırılması halında razılaşmaya sadiq qalacağını vurğulayıb. İranın xarici işlər naziri Abbas Əraqçi qeyd edib ki, bu müddət ərzində boğazdan təhlükəsiz keçid təmin olunacaq və proses hərbi qurumlarla koordinasiyalı şəkildə idarə ediləcək.

Hər iki tərəf mövcud vəziyyəti öz siyasi uğuru kimi təqdim edir. Atəşkəsin əldə olunmasında Pakistan mühüm vasitəçi rolunu oynayıb. Ölkənin Baş naziri Şahbaz Şərif razılaşmanın yalnız müəyyən ərazilərlə məhdudlaşmadığını, hətta Livan da daxil olmaqla, geniş coğrafiyanı əhatə etdiyini bildirib. O, tərəfləri 10 aprel tarixində İslamabadda keçiriləcək danışıqlara dəvət edib.

Bununla yanaşı, bölgədə fikir ayrılıqları qalmaqdadır. İsrail atəşkəsi dəstəklədiyini bildirsə də, onun Livanı əhatə etmədiyini açıqlayıb. İran və Pakistan isə əks mövqedədir.

Regional gərginlik isə tam səngiməyib. Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla, bəzi Körfəz ölkələri İranın hücumları davam etdirdiyini iddia edir. BƏƏ 17 ballistik raket və 35 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb. Bu isə atəşkəsin praktikada tam tətbiq olunmadığını göstərir.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə tərəfləri təxribatlardan uzaq durmağa və razılaşmanın sahədə tam icrasına çağırıb.

ABŞ prezidenti Tramp əlavə edib ki, hərbi məqsədlərin böyük hissəsi yerinə yetirilib və İranla uzunmüddətli sülh razılaşmasına doğru ciddi irəliləyiş əldə olunub. Onun sözlərinə görə, İranın təqdim etdiyi 10 maddəlik təklif gələcək danışıqlar üçün əsas kimi qəbul edilə bilər və bir sıra əsas fikir ayrılıqları artıq aradan qaldırılıb.

Bununla belə, yaxın günlərdə baş verəcək danışıqlar və sahədəki real vəziyyət bu atəşkəsin davamlı olub-olmayacağını müəyyən edəcək.

Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et