Bu gün:

Tramp İranı bir gecədə məhv etməklə hədələyib


İranda dövlət nəzarətində olan IRNA agentliyi yazıb ki, Tehran ABŞ tərəfindən təklif olunan atəşkəs şərtlərini rədd edib. Bundan saatlar sonra ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqset İranı hədələyib.


ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqset İranın təklif etdikləri şərtləri rədd etməsindən sonra onu hədələyiblər.

"24media.az" "BBC.news"a istinadən bildirir ki, Pasxa bayramı münasibətilə Ağ Evdə keçirilən mətbuat konfransında Tramp deyib ki, ABŞ bütün ölkəni bir gecədə yox edə bilər və bu gecə sabah da ola bilər. Onun ardınca danışan Heqset bildirib ki, prezidentin əmri ilə bu gün əməliyyatın əvvəlindən bəri ən çox hücumun həyata keçiriləcəyi gün olacaq və əlavə edib ki, sabah hücumlar daha da artacaq.

Tramp çıxışında İranda vurulan F-15 döyüş təyyarəsinin ekipajını xilas etmə əməliyyatını “qəhrəmancasına” adlandırıb. O, Hörmüz boğazı çərşənbə axşamına qədər açılmasa, ABŞ-nin İranın enerji və nəqliyyat infrastrukturuna zərbə endirə biləcəyini bir daha vurğulayıb. Tramp bildirib ki, vaxt bitəndən sonra İran “Daş dövrünə qaytarılacaq”, ölkədə körpülər və elektrik stansiyaları qalmayacaq.

Məsələ ilə tanış olan regional rəsmi deyib ki, real irəliləyiş üçün əvvəlcə atəşkəs əldə olunmalıdır. Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, İranda rabitə problemləri səbəbindən mesajların ötürülməsi çətinləşib və cavab almaq təxminən bir gün çəkir. ABŞ və İran arasında danışıqlar davam edərkən, IRNA yazıb ki, Tehran ABŞ-nin təkliflərinə 10 maddə ilə cavab verib və sadəcə atəşkəs deyil, müharibənin tam dayandırılmasını tələb edib. İranın tələbləri arasında bölgədə gərginliyin azaldılması, Hörmüz boğazından təhlükəsiz keçid üçün protokol hazırlanması, dağıdılan infrastrukturun bərpası və sanksiyaların ləğvi yer alıb.

Bundan əvvəl Reuters yazıb ki, tərəflər bu gün qüvvəyə minə biləcək və Hörmüz boğazının açılmasını təmin edəcək planı müzakirə edir. Mənbələrə görə, plan Pakistan tərəfindən hazırlanıb və iki mərhələli yanaşmanı nəzərdə tutur: əvvəlcə təcili atəşkəs, sonra isə geniş razılaşma. İlk razılaşmanın Pakistan vasitəsilə elektron şəkildə təsdiqlənməsi planlaşdırılır.

Lakin IRNA-nın məlumatına görə, bu məsələ üzrə razılıq əldə olunmayıb. Tramp gələcək planlar barədə ətraflı danışmayıb və yalnız “ən yaxşı plana” sahib olduğunu deyib. Hüquqşünaslar isə xəbərdarlıq edib ki, İranın mülki infrastrukturuna qarşı qəsdən və uzunmüddətli hücumlar müharibə cinayəti sayıla bilər. CBS-ə danışan keçmiş hüquq məsləhətçisi bildirib ki, elektrik stansiyalarını məhv etməklə mülki əhaliyə təzyiq göstərmək açıq şəkildə qanunsuzdur.

Digər tərəfdən Axios yazıb ki, ABŞ, İran və regional vasitəçilər 45 günlük atəşkəsi müzakirə edir. Plana görə, atəşkəs dərhal qüvvəyə minəcək, Hörmüz boğazı açılacaq və 15-20 gün ərzində geniş razılaşma hazırlanacaq. “İslamabad razılaşması” adlandırılan çərçivədə son danışıqlar İslamabadda keçiriləcək, vasitəçilər isə Pakistan, Misir və Türkiyə olacaq. Reuters əlavə edib ki, Pakistan Baş Qərargah rəisi Asim Münir ABŞ-nin vitse-prezidenti ilə bütün gecə əlaqədə olub.


Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et