Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya "Pasxa atəşkəsi" əvəzinə hücumları daha da artırıb. Onun sözlərinə görə, ölkə üzrə yüzlərlə dron və raket ilə edilən hücumlar nəticəsində 6 nəfər ölüb, 40 nəfər yaralanıb.

Yanğından sonra hadisə yerinə cəlb olunan polis əməkdaşları
Ukrayna rəsmiləri qeyd edir ki, xüsusilə, Xarkiv şəhərinə endirilən zərbələr indiyədək baş verən ən böyük hücumlardan biri kimi qiymətləndirilib. Jitomir bölgəsində yaşayış evləri dağılıb, xilasedicilər dağıntılar altında qalanları axtarıb.
Zelenski qeyd edib ki, Pasxa dövrü üçün irəli sürdüyü müvəqqəti atəşkəs təklifinə baxmayaraq, Rusiya hücumları dayandırmayıb. O, vəziyyəti “səmada sükut əvəzinə eskalasiya” kimi qiymətləndirib və təklifin hələ də qüvvədə olduğunu vurğulayıb.
Eyni zamanda, Ukrayna qüvvələri də Rusiyanın enerji və sənaye obyektlərinə qarşı cavab zərbələri endirib. Bir sıra bölgələrdə dron hücumları nəticəsində infrastrukturun ziyan gördüyü və bir nəfərin yaralandığı bildirilir.
Zelenski əlavə edib ki, ABŞ diqqətinin Yaxın Şərq istiqamətinə yönəlməsi Ukraynaya göstərilən dəstəyin dinamikasına təsir göstərə bilər. Buna baxmayaraq, o, cəbhə xəttində vəziyyətin sabit qaldığını və əsas hədəfin mövqelərin qorunması olduğunu bildirib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
