Bu gün:

Bleyk Layvlinin Baldoniyə qarşı iddialarının çoxu rədd edilib


ABŞ-də federal hakim Lewis Liman aktrisa Blake Livelynin həmkarı Justin Baldoniyə qarşı qaldırdığı iddiaların böyük hissəsini rədd edib. 13 ittihamdan 10-u qüvvədən düşüb.

Hakim yalnız 3 iddianı qüvvədə saxlayıb: müqavilənin pozulması, qisasalma və qisasalmaya yardım. Bu məsələlər üzrə məhkəmə prosesi New Yorkda 18 mayda keçiriləcək.


Məhkəmə çəkişməsi 2024-cü ildə "It Ends With Us" filminin çəkilişləri zamanı baş verən hadisələrdən sonra başlayıb. Layvli Baldonini təqibdə və ona qarşı qarayaxma kampaniyasında ittiham edib, Baldoni isə bunu inkar edərək qarşı iddia qaldırıb.

Layvlinin vəkili Siqrid Makkouli bildirib ki, bəzi iddialar texniki səbəblərə görə rədd edilib. O, həmçinin aktrisanın məhkəmədə ifadə verəcəyini və məsələnin reputasiyaya qarşı hücumlarla bağlı olduğunu vurğulayıb.

İşlə bağlı sübutlar arasında Layvlinin Taylor Swift ilə yazışmaları da yer alıb. Hakim qeyd edib ki, bəzi ittihamlar hüquqi baxımdan keçərli olmasa da, qisasalma ilə bağlı iddialar məhkəmədə araşdırılacaq.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva


Paylaş
Şərh əlavə et