ABŞ konqresmeni Suhas Subramanyam keçmiş hersoginya Sarah Ferqyusondan amerikalı maliyyəçi Cefri Epşteyn ilə əlaqələri barədə məlumat verməsini istəyib. Məktubda onun Konqres komitəsinin araşdırmasına dəstək verməsi xahiş olunub.
Sənəddə həmçinin Ferqyusonun keçmiş həyat yoldaşı Şahzadə Endryu ilə bağlı məlumatlı olub-olmaması da soruşulub. Şahzadə Endryu isə Epşteynlə bağlı bütün ittihamları rədd edib.
ABŞ Ədliyyə Departamentinin yaydığı sənədlərdə Ferqyusonun Epşteynlə münasibətlərinin gözləniləndən daha yaxın olduğu bildirilib. İmeyllərdə onun Epşteyni təriflədiyi və maliyyə dəstəyi istədiyi qeyd olunub.
Məlumatlara görə, Ferqyuson Epşteyn həbsdə olarkən də onunla əlaqə saxlayıb və azadlığa çıxdıqdan sonra görüşüb. Bununla belə, sənədlərdə adının keçməsi onun günahkar olması demək deyil.
ABŞ rəsmiləri və zərərçəkən ailələr Ferqyusonun istintaqa kömək etməli olduğunu bildirirlər. Bu qalmaqal fonunda onun nüfuzu zəifləyib və məsələnin araşdırılması davam etdirilib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
