Bu gün:

Kembric alimləri Pepis məktublarında gizlədilən rüşvət izlərini üzə çıxarıb


Kembric Universitetinin tarixçisi müəyyən edib ki, məşhur gündəlik müəllifi Samuel Pepis öz şəxsi məktublarını məqsədli şəkildə redaktə edib və ona qul uşaq şəklində rüşvət təklif olunduğunu gizlədib. 

Tarixçi doktor Maykl Edvardsın araşdırmasına görə, Pepisin yazışmaları qəsdən “təmizlənib”, bəzi hissələr dəyişdirilib və ya arxivdən çıxarılıb. Bu müdaxilələrin 1670-ci illərdə onun yüksək vəzifəli dəniz məmuru olduğu dövrdə aldığı mübahisəli təklifləri ört-basdır etməyə yönəldiyi bildirilir.


Edvards tədqiqat çərçivəsində Kembricdəki Maqdalen Kollecinin Pepis Kitabxanasında, Böyük Britaniyanın Milli Arxivində və Oksforddakı Bodleyn Kitabxanasında yüzlərlə sənədi incələyib.


Araşdırmanın ən problemli məqamlarından biri 1675-ci ilin aprelində yazılmış məktubla bağlıdır. Həmin məktubda dəniz zabiti Con Hau kapitanın ölümündən sonra komandanlıqdan uzaqlaşdırılmasından şikayətlənir və Pepisin dəstəyini qazanmaq üçün ona “kiçik” bir qul uşağı “hədiyyə” etməyi təklif edir. Məktubda uşağın İngiltərənin soyuq havasına uyğunlaşacağına ümid ifadələri də yer alır.


Pepisin bu təklifi rədd etdiyi məlum olsa da, Edvards qeyd edir ki, onun mövqeyi etik səbəblərə deyil, rüşvət qəbul edən şəxs kimi görünmək istəməməsinə bağlı olub.


Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et