Bu gün:

Danimarkada seçkilər hakim partiyanın zəifləməsi ilə yadda qalıb


Mette Frederiksen rəhbərlik etdiyi Sosial Demokratlar partiyası parlament seçkilərində ən çox səsi toplasa da, 1903-cü ildən bəri ən zəif nəticəsini göstərib. Partiya cəmi 21,9% səs qazanıb və təkbaşına hökumət qurmaq üçün lazım olan çoxluğu əldə edə bilməyib.

Seçkilərin nəticələrinə görə, sol blok 84 mandat qazanaraq sağ bloku geridə qoyub. Lakin hər iki tərəf parlamentdə çoxluq üçün tələb olunan 90 yerə çata bilməyib. Bu isə ölkədə koalisiya danışıqlarının qaçılmaz olduğunu göstərir.

Baş nazir Mette Frederiksen çıxışında daha çox səs toplaya bilmədiklərinə görə təəssüfünü ifadə etsə də, partiyasının yenidən ölkənin ən çox dəstək qazanan siyasi qüvvəsi olduğunu vurğulayıb. O, üçüncü dəfə baş nazir olmaq üçün məsuliyyət götürməyə hazır olduğunu bildirib.

Seçkilərdə mərkəzdə yer alan Moderatlar partiyası 14 mandatla əsas “həlledici güc”ə çevrilib. Partiyanın lideri Lars Lokke Rasmussen hökumətin mərkəz əsaslı qurulmasını dəstəklədiyini açıqlayıb.

Seçki kampaniyasında əsas mövzular yaşayış xərcləri, iqtisadi vəziyyət və sosial rifah məsələləri olub. Bununla yanaşı, kənd təsərrüfatının iqlimə təsiri və içməli suda pestisidlərin yüksək səviyyədə olması da seçicilərin narahatlıq doğuran əsas problemlərindən biri kimi ön plana çıxıb.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et