Avstraliya ilə Avropa İttifaqı arasında 8 illik danışıqlardan sonra geniş azad ticarət razılaşması imzalanıb. Təxminən 10 milyard Avstraliya dolları dəyərində olan bu razılaşma hər iki tərəf tərəfindən “qarşılıqlı qazanc” kimi qiymətləndirilib.

Razılaşmaya əsasən, ticarətdə tətbiq olunan demək olar ki, bütün gömrük rüsumları aradan qaldırılıb. Bununla yanaşı, müdafiə sahəsi və kritik minerallar üzrə əməkdaşlığın artırılması da nəzərdə tutulur. Ursula fon der Lyayen bildirib ki, bu addım dəyişən dünyada “kollektiv dayanıqlıq” üçün vacibdir və böyük güclərin rüsumlardan təzyiq vasitəsi kimi istifadə etdiyini vurğulayıb. Bu isə Donald Tramp kimi liderlərin siyasətinə işarədir.
Yeni razılaşma çərçivəsində Avstraliya məhsulları – şərab, meyvə-tərəvəz, zeytun yağı, dəniz məhsulları və süd məhsulları Avropa bazarına daha rahat çıxacaq. Eyni zamanda, Avstraliyada Avropa məhsulları – şərab, spirtli içkilər, biskvit, şokolad və makaron daha ucuz olacaq.
Bununla belə, bəzi məsələlər narazılıq yaradıb. Xüsusilə, ət ixracı kvotası gözləniləndən aşağı müəyyən edilib və bu, fermerlər tərəfindən “itirildmiş fürsət” kimi qiymətləndirilib.
Razılaşma, həmçinin təhlükəsizlik sahəsini də əhatə edir. Tərəflər müdafiə sənayesi, terrorla mübarizə, kosmos və dəniz təhlükəsizliyi üzrə əməkdaşlığı gücləndirməyi planlaşdırır. Bundan əlavə, litium və volfram kimi vacib minerallar üzrə birgə layihələr həyata keçiriləcək.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
