ABŞ-nin Nyu York şəhərində yerləşən LaQvardiya hava limanında Air Kanada Ekspresə məxsus təyyarə ilə yerüstü nəqliyyat vasitəsi toqquşub. Hadisədən sonra hava limanı qeyri-müəyyən müddətə bağlanıb və bütün uçuşlar dayandırılıb.

Federal Aviasiya Administrasiyası hava limanı üçün uçuşların dayandırılması qərarı verib və bu vəziyyətin uzadıla biləcəyini bildirib. Məlumata görə, təyyarə Monrealdan gəlirmiş və eniş etdikdən sonra sürəti azalarkən toqquşma baş verib.
Hadisə zamanı təyyarədə 76 nəfər olub, onların arasında ekipaj üzvləri də yer alıb. CRJ 900 tipli təyyarə ciddi zərər görüb və ilkin məlumatlara görə bir neçə nəfər xəsarət alıb.
Nyu York Şəhər Polis Departamenti və Nyu York Yanğınsöndürmə Departamenti hadisə ilə bağlı əraziyə girişlərin bağlandığını, yolların və çıxışların məhdudlaşdırıldığını açıqlayıb. Sakinlərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunub.
Hazırda Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən hadisənin səbəbləri araşdırılır. Hadisənin dəqiq səbəbi hələlik açıqlanmayıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
