Bu gün:

İran Britaniya–ABŞ hərbi bazasına raket zərbəsi endirib


İran Çaqos adalarında yerləşən Britaniya–ABŞ birgə hərbi bazası Diyego Qarsiyaya iki orta mənzilli ballistik raket hücumu həyata keçirib.

Diyeqo Qarsiyadakı Britaniya–ABŞ birgə bazası

24media.az "BBC"yə istinadən bildirir ki, ilkin məlumata görə, atılan ballistik raketlər baza ərazisinə çatmadan məhv edilib və hücum uğursuz olub.

Hücumun Böyük Britaniyanın bölgədəki hərbi bazalarının ABŞ tərəfindən istifadə imkanlarını genişləndirməyə dair qərarı açıqlamazdan əvvəl baş verdiyi bildirilir.

Böyük Britaniyanın Müdafiə Nazirliyindən məsələ ilə bağlı verilən açıqlamada hücum nə təsdiqlənib, nə də təkzib edilib: “İranın region boyunca həyata keçirdiyi və Hörmüz boğazını faktiki olaraq girov saxlayan məsuliyyətsiz hücumları Britaniya maraqları və bizim müttəfiqlərimiz üçün ciddi təhdiddir. Böyük Britaniya Hərbi Hava Qüvvələrinin qırıcıları və digər hərbi vasitələri bölgədəki vətəndaşlarımızı və şəxsi heyəti qorumağa davam edir”.

Qeyd edək ki, martın 20-də Böyük Britaniya ABŞ-yə Hörmüz boğazındakı İran hədəflərinə zərbələr endirmək üçün Britaniya hərbi bazalarından istifadə icazəsi verib.

Aytac Musayeva


Paylaş
Şərh əlavə et