İranın Körfəz regionunda enerji infrastrukturlarına qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlar fonunda Küveytin ən böyük neftayırma müəssisəsi olan Mina əl-Əhmədi zavodu ikinci gün ardıcıl dron zərbələrinə məruz qalıb.
Mina əl-Əhmədi neft emalı zavodunda İranın dron hücumlarından sonra baş verən yanğın
24media.az "Al Jazeera"yə istinadən bildirir ki, müəssisə gündəlik təxminən 730 min barrel xam neft emal edir.
Küveyt Milli Neft Şirkəti bir neçə istehsal xəttinin dayandırıldığını bildirib. Rəsmi məlumatlara görə, qəza nəticəsində xəsarət alan olmayıb.
Küveyt ordusu isə hava hücumundan müdafiə sistemlərinin ölkəyə yönələn raket və dron hədəflərini aktiv şəkildə məhv etdiyini açıqlayıb.
Hücumlar bu həftənin əvvəlində İsrailin İranın ölkə daxilində ən iri enerji kompleksi olan Cənubi Pars qaz yatağına endirdiyi zərbəyə Tehranın cavab əməliyyatlarının bir hissəsi kimi qiymətləndirilir. Bu qaz yatağı İranın daxili təbii qaz tələbatının təxminən 80 faizini təmin edir.
İranın xarici işlər naziri Abbəs Əraqçi bəyan edib ki, Körfəzdəki hədəflərə endirilən zərbələr ölkənin real imkanlarının yalnız kiçik bir hissəsidir. O, İranın enerji obyektlərinə yenidən hücum ediləcəyi təqdirdə Tehranın buna cavabsız qalmayacağını bildirib.
Aytac Musayeva
