ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması fonunda, Pxenyanda nüvə silahının “rejimin əsas təminatı” olduğu düşüncəsi güclənir. Analitiklərin fikrincə, İranın nüvə silahına malik olmaması onun zəif vəziyyətdə qalması kimi qiymətləndirilir və ABŞ ilə aparılan danışıqların təhlükəsizlik zəmanəti vermədiyi qənaəti ön plana çıxır.

Şimali Koreya lideri Kim Jong-Un
24Media.az BBC-yə istinadən bildirir ki, Şimali Koreya isə İrana qarşı hücumları “əsassız təcavüz” kimi pisləyərək mövqeyini açıq şəkildə ifadə edib. İki ölkə arasında münasibətlər 1979-cu ildən etibarən anti-Amerika xətti üzərində formalaşıb və sonrakı dövrdə raket texnologiyaları sahəsində əməkdaşlıqla möhkəmlənib.
Mütəxəssislərin fikrincə, Şimali Koreya-nı İran-dan fərqləndirən iki əsas amil var: nüvə silahı potensialı və Çin ilə strateji yaxınlıq.
Tarixi müqayisələr də diqqət çəkir. 2003-cü ildə İraq müharibəsi zamanı keçmiş lider Kim Jong Il uzun müddət ictimaiyyət qarşısına çıxmayıb. Halbuki hazırkı lider Kim Jong Un İranda ali dini lider Əli Xameneiyə qarşı hücum iddialarına baxmayaraq, ictimai görünüşünü qoruyub.
Cənubi Koreya kəşfiyyatına yaxın mənbələr bildirir ki, bu fərqli davranış Pxenyanın öz gücünə və çəkindirici imkanlarına artan inamının göstəricisi kimi qiymətləndirilir.
Emiliya Vəlicanova
