Konqo Demokratik Respublikası və Ruanda Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra tərəflər arasında gərginliyin azaldılması üçün “konkret addımlar” atmağa razılıq veriblər.
M23 üsyançılarının Konqo Demokratik Respublikasının şərq bölgələrinin böyük hissəsinə nəzarəti
24media.az "BBC"yə istinadən bildirir ki, Şərqi Konqoda davam edən münaqişə ötən il ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanmış sülh razılaşmasına baxmayaraq, hələ də səngiməyib.
Gərginliyin azaldılması ilə bağlı öhdəlik bu ay ABŞ-nin Ruanda Müdafiə Qüvvələrinə və ölkənin dörd yüksək rütbəli rəsmisinə sanksiya tətbiq etməsindən sonra verilib. Daha əvvəl Vaşinqton Ruandanı bölgədə vəziyyəti gərginləşdirən M23 qiyamçı qrupunu birbaşa dəstəkləməkdə ittiham edib.
Konqo, Ruanda və ABŞ-nin birgə açıqlamasında bildirilir ki, tərəflər “gərginliyin azaldılması və yerində irəliləyişin təmin edilməsi üçün koordinasiyalı addımlar” barədə razılığa gəliblər.
Razılaşmaya əsasən, tərəflər bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcəklər. Ruanda öz qüvvələrini Konqo ərazisindən çıxarmağı və müəyyən olunmuş zonalarda tətbiq etdiyi müdafiə tədbirlərini aradan qaldırmağı öhdəsinə götürüb.
Konqo tərəfi isə Ruanda Azadlıq üçün Demokratik Qüvvələri (FDLR) adlı silahlı qrupun zərərsizləşdirilməsi üçün müddətlə məhdudlaşdırılmış tədbirləri gücləndirəcək.
Qeyd edək ki, Ruanda FDLR-i “soyqırımçı qüvvə” adlandırır və onun Konqo ərazisində mövcudluğunun Ruandanın təhlükəsizliyi üçün birbaşa təhdid olduğunu bildirir.
Aytac Musayeva
