İsrailin hava hücumu nəticəsində Əli Laricaninin öldürülməsi İranın ən təcrübəli və nüfuzlu siyasi fiqurlarından birinin itirilməsi kimi qiymətləndirilir.
24media.az "BBC"yə istinadən bildirir ki, Laricani hərbi komandir olmasa da, Yüksək Milli Təhlükəsizlik Şurasının katibi kimi ölkənin müharibə, diplomatiya və milli təhlükəsizlik strategiyasına birbaşa təsir göstərən əsas qərarvericilərdən biri hesab olunub. Onun mövqeyi xüsusilə ABŞ və İsraillə gərginliyin artdığı mərhələlərdə ön plana çıxıb.
İranın dini lideri Əli Xameneinin 28 fevralda ölümündən sonra Laricani ölkənin uzunmüddətli qarşıdurmaya hazır olduğunu bəyan edərək sərt xətt tərəfdarlarının əsas siyasi dayaqlarından biri kimi çıxış edib.
Son aylarda bir neçə yüksək rütbəli İran rəsmisinin ardıcıl şəkildə öldürülməsi fonunda Laricaninin hədəfə alınması ölkənin rəhbərlik strukturlarının zəifləməsi ilə bağlı narahatlıqları artırıb.
Qərbə qarşı sərt mövqeyinə baxmayaraq, Laricani ölkə daxilində praqmatik və texnokratik yanaşmanı birləşdirən siyasətçi kimi tanınıb. Onun idarəçilikdə ritorikadan çox hesablanmış strategiyalara üstünlük verməsi Tehran daxilində tarazlıq yaradan amillərdən biri hesab olunub.
Ətirə İbayeva
