İranın qadın futbol millisinin beş üzvü Avstraliyadan sığınacaq almaq üçün etdikləri müraciətlərdən imtina edərək komanda ilə birlikdə ölkəyə qayıdıblar. Onlar Malayziya və Oman üzərindən Türkiyəyə uçduqdan sonra avtobusla İran sərhədini keçiblər.

Futbolçular əvvəlcə Asiya Kubokunun açılış oyununda dövlət himni zamanı susduqlarına görə ölkədə problemlərlə üzləşə biləcəklərindən ehtiyat edərək humanitar viza üçün müraciət ediblər. Lakin hüquq müdafiəçiləri sonradan onların ailələrinə təzyiq göstərildiyini iddia ediblər.
Türkiyənin Iğdır şəhərinə çatan komanda hava limanından polis müşayiəti ilə otelə aparılıb. Adları açıqlanan futbolçular arasında Zəhra Soltan Meşkəhkar, Mona Həmudi və Zəhra Sərbali də var.
Komandadan yalnız iki nəfər Avstraliyada qalaraq sığınacaq əldə edib. Digər oyunçular isə qərarlarını dəyişərək geri dönüblər ki, bu da beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub.
İran rəsmiləri bunu “milli ruhun qələbəsi” kimi qiymətləndirib, bəzi mənbələr isə futbolçuların xaricdə psixoloji təzyiq və təbliğatla üzləşdiyini bildirib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
