ABŞ Prezidenti Donald Trump müttəfiqlərinə müraciət edərək Hörmüz boğazı ilə bağlı dəstəyin vacibliyini vurğulayıb.

Financial Times qəzetinə açıqlamasında Tramp bildirib ki, Avropa ölkələri və Çin bu marşrutdan daşınan neftdən ciddi şəkildə asılıdır. O qeyd edib ki, boğazda gəmi keçidinin bərpası yalnız ABŞ-nin deyil, digər güclərin də birgə səyləri ilə mümkün ola bilər.
ABŞ lideri əlavə edib ki, müttəfiqlərin bu məsələdə passiv qalması NATO üçün mənfi nəticələr doğura bilər. Onun sözlərinə görə, Vaşinqton keçmişdə Ukraynaya dəstək göstərməkdən çəkinməyib və indi oxşar həmrəyliyin qarşı tərəfdən də gözlənilməsi təbiidir.
Tramp həmçinin bildirib ki, Hörmüz boğazı ətrafında yaranmış vəziyyətin həlli üçün Çin, Fransa, Yaponiya, Cənubi Koreya və Böyük Britaniya kimi ölkələrin koordinasiyalı şəkildə hərəkət etməsi vacibdir.
Qeyd edək ki, dünya üzrə ən strateji ticarət marşrutlarından biri hesab olunan bu boğazdan qlobal neft tədarükünün təxminən 20 faizi keçir.
Emiliya Vəlicanova
