Fələstinin silahlı qruplaşması HƏMAS İranı Körfəz ölkələrinə qarşı hücumları dayandırmağa çağırıb. Bu, qruplaşmanın əsas müttəfiqlərindən biri hesab olunan Tehrana nadir müraciətlərdən biri kimi qiymətləndirilir.
Şənbə günü BƏƏ-də yerləşən Fuceyra limanı dron zərbəsinə məruz qalıb
24media.az "BBC"yə istinadən bildirir ki, Tehran tərəfindən dəstəklənən HƏMAS yaydığı bəyanatda İranı region ölkələrini hədəf almamağa çağırıb və Yaxın Şərqdəki dövlətlərin “qardaşlıq münasibətlərini qorumaq üçün əməkdaşlıq etməsinin” vacibliyini vurğulayıb.
Bununla yanaşı, Qəzza zolağına nəzarət edən HƏMAS ABŞ və İsrailin İrana qarşı davam edən hücumları fonunda Tehranın özünü müdafiə etmək hüququnu dəstəklədiyini bildirib.
İran rəsmiləri isə cavab zərbələrinin region ölkələrinə deyil, Körfəz ərazisində yerləşən “ABŞ obyektlərini” hədəf aldığını açıqlayıblar. Bununla belə, bəzi hücumların mülki infrastruktura da ziyan vurduğu bildirilir.
Son iki həftə ərzində Tehranın pilotsuz uçuş aparatları və raketlərlə həyata keçirdiyi cavab hücumları bir sıra Körfəz ölkələrində hiss olunub. Məlumatlara görə, region üzrə indiyədək ən azı 18 nəfər həlak olub. Ölənlərin əksəriyyəti təhlükəsizlik əməkdaşları və xarici işçilərdir.
Birləşmiş Ərəb Əmirliklərində 6 nəfər, Küveytdə 6 nəfər, Oman, Səudiyyə Ərəbistanı və Bəhreyndə isə hər birində iki nəfər həyatını itirib.
HƏMAS son illərdə Qəzza zolağında İsraillə uzunmüddətli və dağıdıcı müharibə aparıb. ABŞ-nin vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşması ötən ilin oktyabrında qüvvəyə minib və razılaşmanın növbəti mərhələləri ilə bağlı danışıqlar davam edir.
Bununla belə, İsrail və HƏMAS oktyabr ayından bəri atəşkəs rejiminin demək olar ki, hər gün pozulması ilə bağlı qarşılıqlı ittihamlar irəli sürürlər.
HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəs qüvvəyə mindikdən sonra bölgədə 649 nəfər həyatını itirib.
Aytac Musayeva
