Bu gün:

Pit Heqset Pentaqonda keçirilən son brifinqdə sərt üslub nümayiş etdirib


ABŞ müdafiə naziri Pit Heqsetin Pentaqonda keçirdiyi son brifinq zamanı nümayiş etdirdiyi gərgin və sərt üslub Vaşinqton administrasiyası üzərində artan siyasi və ictimai təzyiqlərin göstəricisi kimi qiymətləndirilib.

Pentaqonda keçirilən mətbuat konfransında Heqset və ABŞ Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndəsi Ceyms Keynin açıqlamaları diqqət çəkib. Heqset çıxışının əvvəlində bəzi Amerika media qurumlarını kəskin tənqid edərək onların müharibə ilə bağlı yayımladığı məlumatların reallığı əks etdirmədiyini bildirib. O, medianın ABŞ və İsrail qüvvələrinin İran ordusuna ağır zərbələr endirdiyini qəbul etməli olduğunu vurğulayıb.

Nazir, həmçinin iddia edib ki, həyata keçirilən əməliyyatlar nəticəsində İranın konvensional silahları, hərbi anbarları və istehsal imkanlarının böyük hissəsi məhv edilib. Onun sözlərinə görə, İran rəhbərliyi hazırda ciddi təzyiq altındadır və müdafiə mövqeyinə çəkilməyə məcbur qalıb.

Bununla yanaşı, son günlər ABŞ mediasında artan tənqidlərin fonunda bir sıra amillər ön plana çıxır. Analitiklər enerji bazarlarında neft qiymətlərinin yüksəlməsini, İranın gözləniləndən daha davamlı mövqe sərgiləməsini və ABŞ ordusunun mümkün itkiləri barədə yayılan məlumatları bu tənqidlərin əsas səbəbləri kimi göstərirlər.

Mətbuat konfransı zamanı Heqset mediaya daha “vətənpərvər mövqe” nümayiş etdirməyə çağırıb.

Lakin jurnalistlərin region üçün strateji əhəmiyyət daşıyan iki mühüm məsələ – Hörmüz boğazında təhlükəsizliyin necə təmin ediləcəyi və İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlı sualları böyük ölçüdə cavabsız qalıb.

Müşahidəçilər hesab edirlər ki, Heqsetin emosional və sərt tonu ABŞ administrasiyasının regiondakı vəziyyətlə bağlı artan təzyiq altında olduğuna dair fikirlər doğurur.

Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et