Bu gün:

Nasanın Artemis 2 missiyası


NASA Ay ətrafında yeni uçuşa hazırlaşır – Artemis II missiyasının apreldə başlaması planlaşdırılır.

NASA - nın Ay proqramı çərçivəsində hazırlanan Artemis 2 missiyası üçün istifadə olunacaq Space Launch System raketi start meydançasında görünür. Kadrda raketin arxasında tam Ay yüksəlir. Bu missiya zamanı astronavtlar Orion kosmik gəmisi ilə Ay ətrafında uçaraq 50 ildən sonra ilk dəfə insanların Ay orbitinə qayıdışını həyata keçirəcəklər.


ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) Artemis II missiyasını 2026-cı ilin aprelin əvvəlində həyata keçirməyi planlaşdırır. Bu missiya 50 ildən artıq müddətdən sonra insanların Ay ətrafında ilk uçuşunu reallaşdıracaq.


24Media.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.


Bildirilir ki, raketin ilkin olaraq mart ayında buraxılması planlaşdırılsa da, texniki yoxlamalar zamanı helium sızması aşkar edilib. Buna görə də raket Florida ştatının Keyp Kanaveral şəhərində yerləşən Vehicle Assembly Building kompleksinə qaytarılaraq təmir olunub.

NASA nümayəndələrinin sözlərinə görə, problem artıq aradan qaldırılıb və raketin 19 mart tarixində yenidən start meydançasına çıxarılması nəzərdə tutulur. Missiyanın mümkün ən erkən buraxılış tarixi isə 1 aprel hesab olunur.


BBC-nin məlumatına görə, missiyanın ekipajı dörd astronavtdan ibarətdir. Onların arasında amerikalı Reid Wiseman, Victor Glover və Christina Koch, eləcə də kanadalı Jeremy Hansen yer alır. Astronavtlar NASA-nın nəhəng Space Launch System raketi və Orion kosmik gəmisi ilə Ay ətrafında uçacaq ilk insanlar olacaq. 10 gün davam edəcək missiya çərçivəsində ekipaj Ayın Yer kürəsindən görünməyən uzaq tərəfi ətrafında dövrə vuraraq yenidən Yerə qayıdacaq.


NASA rəsmiləri mətbuat konfransında bildiriblər ki, missiya ilə bağlı risklər diqqətlə qiymətləndirilir və bütün mümkün təhlükələr nəzərə alınır. Artemis II Missiya İdarəetmə Qrupunun rəhbəri John Honeycutt qeyd edib ki, yeni raket proqramlarının tarixində uğur göstəricisi bəzən 50 faiz civarında olur. Buna baxmayaraq, NASA komandası riskləri minimuma endirmək üçün geniş təhlükəsizlik tədbirləri həyata keçirir. Qurum həmçinin bildirib ki, raket start meydançasına çıxarıldıqdan sonra əlavə “wet dress rehearsal” adlanan tam yanacaq doldurulması və geri sayım sınağı keçirilməyəcək.


NASA hazırda Artemis II missiyasını həyata keçirmək üçün müəyyən təzyiqlərlə üz-üzədir. Belə ki, missiya daha əvvəl istilik qalxanı ilə bağlı problemlərə görə iki il gecikdirilib. Kosmik agentlik 2024-cü ilin dekabrında açıqlamışdı ki, Artemis II missiyası ən gec 2026-cı ilin aprel ayının sonuna qədər həyata keçirilməlidir. Hazırda isə NASA diqqətini aprelin əvvəlinə yönəldib və missiyanın mümkün ilk buraxılış tarixi kimi 1 aprel nəzərdən keçirilir.


Müəllif: Aişə Əlizadə

Paylaş
Şərh əlavə et