Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, İran və onun müttəfiq qrupları dron hücumlarında getdikcə daha çox Rusiyanın taktikasını tətbiq edir.

Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib ki, İranın hərbi üsullarının arxasında Vladimir Putinin “gizli əli” dayanır. Bu açıqlama İraqın şimalındakı Ərbil şəhərində Qərb qüvvələrinin istifadə etdiyi hərbi bazaya dron hücumu həyata keçirildiyi gecədən sonra səsləndirilib.
Nazir bildirib ki, Londonun şimal-qərbində yerləşən Böyük Britaniyanın hərbi qərargahında xidmət edən britaniyalı zabitlər İran və onun dəstəklədiyi qrupların dron uçuşlarında getdikcə daha çox rus taktikasından istifadə etdiyini ona çatdırıblar.
Məlumata görə, İran fevralın 28-də ABŞ və İsrailin başladığı hücumlara cavab olaraq Yaxın Şərq regionu üzrə artıq 2 mindən çox “Şahid” tipli dron buraxıb. Uzun mənzilli bu dronlar Rusiya tərəfindən Ukraynaya qarşı müharibədə geniş şəkildə istifadə olunur.
Birləşmiş əməliyyatların rəhbəri general-leytenant Nik Perri isə Con Hiliyə bildirib ki, Rusiya sonradan İran və onun müttəfiq qüvvələrinə dronların istifadəsi ilə bağlı taktiki məsləhətlər ötürüb.
Onun sözlərinə görə, iranlı dron pilotları aparatları əvvəlkindən daha aşağı hündürlükdə uçuraraq hədəflərə daha effektiv zərbə endirməyə başlayıblar. Perri qeyd edib ki, bu vəziyyət problemlər yaradıb, çünki “Şahid” dronları münaqişənin üçüncü həftəsinə yaxınlaşdığı bir vaxtda Tehranın ən təsirli silahlarından birinə çevrilib.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
