İranın dəstəklədiyi Hizbullah qruplaşması çərşənbə axşamı axşam saatlarında İsrailin şimalına doğru təxminən 200 raket və 20 pilotsuz uçuş aparatı buraxıb.
Livandan atılan zərbələr nəticəsində yararsız hala düşən evlərin yoxlanışı - 12 Mart 2026
24media.az "The Times of İsrael"ə istinadən bildirir ki, hücumlar bir neçə saat davam edib və nəticədə yüz minlərlə israilli sığınacaqlara üz tutmağa məcbur olub.
İsrailin şimalında iki nəfərin yüngül xəsarət aldığı bildirilib. Bu hücumlar son günlər gərginliyin artmasından sonra Hizbullahın İsrailə qarşı həyata keçirdiyi ən genişmiqyaslı zərbə kimi qiymətləndirilir. Qruplaşma hücumların ABŞ və İsrailin 28 fevraldan etibarən İrana qarşı başladığı birgə hava əməliyyatları fonunda həyata keçirildiyini bildirib.
İlkin mərhələdə axşam saat 20:00 radələrində Livan ərazisindən İsrailə doğru təxminən 100 raket atılıb. Eyni vaxtda İran da ölkənin mərkəzi bölgəsini hədəf alan raket zərbələri endirib. İranın İslam İnqilabı Keşikçiləri Korpusu bu hücumların koordinasiyalı əməliyyat olduğunu açıqlayıb. Daha sonra ölkənin şimal və cənub istiqamətlərinə də əlavə raketlər buraxılıb.
İsrailin hava hücumundan müdafiə sistemləri İran raketlərinin böyük hissəsini zərərsizləşdirib və Hizbullahın hücumlarının qarşısını almağa çalışıb. Buna baxmayaraq, bəzi raketlərin düşməsi nəticəsində bir neçə yerdə yanğın baş verib və iki nəfər yüngül yaralanıb.
Aytac Musayeva
