Emmanuel Makron Fransanın Aralıq dənizi və Qırmızı dəniz bölgələrində dəniz təhlükəsizliyini gücləndirmək məqsədilə yeni hərbi qüvvələr yerləşdirməyi planlaşdırdığını açıqlayıb.
Hörmüz Boğazında gəmi keçidləri dayandırılıb
Prezident bildirib ki, təxminən on hərbi gəmidən ibarət donanma “müdafiə dəstəyi” çərçivəsində bölgəyə göndərilə bilər və plan mümkün olaraq Hörmüz Boğazı ətrafını da əhatə edəcək.
Makron bu açıqlamanı martın 9-da Kiprdə keçirilən görüşdən sonra verib. Görüşdə Nikos Kristodoulides və Kiryakos Mitsotakis də iştirak ediblər. Liderlər bölgədə artan gərginlik fonunda Şərqi Aralıq dənizi və Qırmızı dənizdə dəniz təhlükəsizliyinin təmin edilməsini müzakirə ediblər.
Makronun sözlərinə görə, Fransa ilkin mərhələdə iki freqatı təhlükəsizlik missiyasına ayıracaq. Bundan əlavə, regiona səkkiz döyüş gəmisi, bir təyyarədaşıyan gəmi qrupu və iki helikopterdaşıyan gəminin yerləşdirilməsi də nəzərdə tutulur.
Fransa prezidenti vurğulayıb ki, planlaşdırılan fəaliyyətlər tamamilə müdafiə xarakterlidir və əsas məqsəd ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etməkdir. Onun sözlərinə görə, layihə Avropa ölkələri ilə yanaşı digər beynəlxalq tərəfdaşlarla birlikdə hazırlanmalıdır.
Makron qeyd edib ki, təşəbbüsün əsas məqsədi münaqişənin ən gərgin mərhələsi başa çatdıqdan sonra konteyner gəmiləri və neft tankerələrinin müşayiəti vasitəsilə Hörmüz Boğazında ticarət marşrutlarının mərhələli şəkildə yenidən açılmasına şərait yaratmaqdır.
Tehran eyni zamanda bəyan edib ki, boğazdan maneəsiz keçid üçün əsas şərtlərdən biri bölgə ölkələrinin ABŞ və İsraili təmsil edən diplomatları ölkələrindən çıxarmasıdır.
Emiliya Vəlicanova
