Bu gün:

İsrail Livanın cənub və şərq bölgələrinə hücumlarını genişləndirib


İsrail qüvvələri ABŞ ilə birgə İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat fonunda Hizbullahı hədəf alaraq Livanın cənub və şərq ərazilərinə yeni hücumlar həyata keçirib.

İsrailin hava zərbəsindən sonra Taybə şəhəri

24media.az "Al Jazeera"yə istinadən bildirir ki, çərşənbə axşamı İsrailin hava zərbələri Livanın cənubundakı Sur şəhərinə endirilib. Bu, İsrail ordusunun həm Sur, həm də Sayda şəhərinə hücum edilə biləcəyi barədə xəbərdarlıq mesajından qısa müddət sonra baş verib. Açıqlamada bölgə sakinlərinə “dərhal ən azı 300 metr aralıya çəkilmək” çağırışı edilib.

İsrail və Hizbullah arasında gərginliyin artması ötən həftə ABŞ-İsrail zərbələri zamanı İranın ali lideri Əli Xameneinin öldürülməsi ilə əlaqələndirilir. Həmin hadisədən bu yana tərəflər Livanın şərqində toqquşur. İsrail paytaxt Beyrut daxil olmaqla müxtəlif bölgələrə hücumlarını davam etdirir.

Livanın Milli Xəbər Agentliyi "NNA" məlumat yayıb ki, çərşənbə axşamı İsrail dronları cənubdakı Kabrixa, eləcə də Deir Siryan və Taybə yaşayış məntəqələrini hədəf alıb.

İsrail ordusu Ansariyə yaxınlığında da hava zərbələri endirildiyini və hücumların “Hizbullah qərargahının yerləşdiyi əraziyə” qarşı yönəldiyini bildirib.

İsrail ordusu, həmçinin paytaxt Beyrutun cənub hissəsi olan və ümumi olaraq Dahiyə kimi tanınan bölgənin tamamilə boşaldılması barədə yeni xəbərdarlıq yayıb. Açıqlamada yaxın saatlarda Harət Hreyk, Qobeyri, Hadəs, Bürc əl-Baracinə, Təhvitət əl-Qədir və Şiyyə bölgələrinə hücum ediləcəyi də bildirilib.

Aytac Musayeva


Paylaş
Şərh əlavə et