Bu gün:

Bondi hücumunda şübhəli ailəsinin kimliyinin gizlədilməsini istəyib


Bondi çimərliyində baş vermiş silahlı hücumun əsas şübhəlisi Navid Əkrəm məhkəmədən ailə üzvlərinin kimliyinin mediada açıqlanmasına qadağa qoyulmasını tələb edib. 

24 yaşlı Əkrəm 14 dekabrda keçirilən yəhudi festivalına hücumla əlaqədar 59 maddə üzrə, o cümlədən 15 nəfərin qətli ilə bağlı ittiham olunur. O, bazar ertəsi keçirilən iclasa qatılmayıb.


Sidney məhkəməsində vəkil şübhəlinin anası, qardaşı və bacısının adları, ünvanları, eləcə də işlədikləri və ya təhsil aldıqları yerlərin açıqlanmaması üçün xüsusi qərar çıxarılmasını istəyib. Hakim ilkin olaraq bu tələbi qəbul edib və işin qlobal maraq doğurduğunu qeyd edib.


Lakin hakim artıq Əkrəmin anasının adının mediada geniş yayılması səbəbindən qərarın effektivliyinin məhdud ola biləcəyini bildirib. Məhkəmə iclası gələn həftə davam etdiriləcək.


Prokurorların bildirdiyinə görə, hücumu həyata keçirən iki silahlı şəxs İraq və Şam İslam Dövləti (İŞİD) ideologiyasından təsirlənib və təkbaşına hərəkət edib. Hadisə "Port Artur" qətliamından sonra Avstraliyada baş verən ən ağır kütləvi atışma kimi qiymətləndirilir. 


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva


Paylaş
Şərh əlavə et