Böyük Britaniya hökuməti regionda artan gərginlik səbəbilə Dubaydan çıxmaq istəyən Britaniya vətəndaşları üçün gələn həftənin əvvəlində xüsusi çarter reysi təşkil edəcəyini açıqlayıb.

24media.az BBC news-a istinadən xəbər verir ki, Bu qərar Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) davam edən münaqişədən təsirlənməsi fonunda qəbul olunub. Şənbə günü rəsmi şəxslərin bildirdiyinə görə, hava hücumunun qarşısının alınması zamanı düşən qəlpə nəticəsində bir nəfər həyatını itirib. Həmçinin Dubay beynəlxalq hava limanı yaxınlığında dron hücumu da kameraya düşüb.
İran prezidenti Məsud Pezeşkian daha əvvəl bildirib ki, İran “ilk hücuma məruz qalmadığı təqdirdə qonşu ölkələrə hücum etməyəcək”. Eyni zamanda, Qətər də şənbə günü raket və dron hücumları barədə məlumat verib.
Britaniya hökumətinin təşkil edəcəyi çarter reysi ödənişli olacaq. Reysdə Britaniya vətəndaşları, onların həyat yoldaşları və 18 yaşdan kiçik uşaqları qeydiyyatdan keçə bilərlər.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, Dubaydan planlaşdırılan reys mövcud kommersiya uçuşlarına əlavə olaraq təşkil ediləcək. Sərnişinlər etibarlı səyahət sənədinə malik olmalıdırlar, Britaniya vətəndaşı olmayan ailə üzvləri isə altı aydan artıq müddət üçün verilmiş viza və ya ölkəyə giriş icazəsi təqdim etməlidirlər.
Nazirlik qeyd edib ki, biletlər birbaşa qeydiyyatdan keçən şəxslərə təqdim olunacaq və təxliyə zamanı tibbi ehtiyacı olan və digər həssas qruplara üstünlük veriləcək.
Hazırda regionda 160 mindən çox insan Britaniya Xarici İşlər Nazirliyində qeydiyyatdan keçib.
Nuray Ədilzadə
