Rusiyanın Ukraynanın Xarkov şəhərinə endirdiyi hava zərbəsi nəticəsində yaşayış binası dağılıb. Nəticədə azı 10 nəfər həlak olub.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib. Ölənlər arasında uşaqların da olduğu bildirilib.
Xarkov vilayətinin rəhbəri Oleq Sinequbovun sözlərinə görə, raket şənbə günü səhər saatlarında beşmərtəbəli yaşayış binasına düşərək ciddi dağıntılar yaradıb. Hazırda xilasedicilər dağıntılar altında qalan insanları tapmaq üçün axtarış-xilasetmə işlərini davam etdirib.
Məlumata görə, həlak olanlar arasında 65 yaşlı qadın, 40 yaşlı kişi və 13 yaşlı qız da olub. Daha sonra dağıntılar altından daha dörd nəfərin, o cümlədən 9 yaşlı bir uşağın cəsədi tapılıb.
Hücum nəticəsində şəhərdə yeddi yaşayış binası, elektrik xətləri və inzibati bina zədələnib. Zelenski bildirib ki, Rusiya gecə ərzində Ukraynanın müxtəlif bölgələrinə 29 raket və 480 pilotsuz uçuş aparatı ilə hücum edib.
Hücumlar nəticəsində Dnepropetrovsk vilayətində bir nəfər ölüb, bir nəfər yaralanıb. Zaporojye bölgəsində isə hücum zamanı bir körpənin yaralandığı bildirilib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
