Ukrayna müharibəsi getdikcə yüksək texnologiyalı münaqişəyə çevrilir. Səmada dronlardan geniş istifadə olunduğu kimi artıq Ukrayna ordusu silahlı insansız yerüstü robotları döyüşlərdə tətbiq etməyə başlayıb.

Məlumata görə, bəzi robotlar artıq rus hücumlarının qarşısını almağa kömək edib və hətta düşmən əsgərlərinin əsir alınmasında istifadə olunub. Ukrayna ordusunun K2 briqadasının nümayəndəsi Oleksandr Afanasiev bildirib ki, artıq döyüş meydanında “robot müharibəsi” baş verir. Onun sözlərinə görə, bəzi robotların üzərinə Kalaşnikov pulemyotu quraşdırılıb və onlar əsgərlərin getməkdən çəkindiyi yerlərdə atəş aça bilir.
Ukrayna ordusu, həmçinin partlayıcı ilə yüklənmiş kamikadze robotlardan istifadə edir. Bu robotlar səssiz hərəkət etdiyi üçün düşmən mövqelərinə gizli şəkildə yaxınlaşıb hücum edə bilir. Bununla yanaşı, robotlar sursat və ərzaq çatdırılması, həmçinin yaralıların təxliyəsi kimi vəzifələrdə də istifadə olunur.
Ekspertlərin sözlərinə görə, bu robotlar tam müstəqil deyil. Onlar hərəkət edib düşməni müəyyən edə bilsə də, atəş açmaq qərarı hələ də insan operator tərəfindən verilir. Bunun səbəbi səhvən mülki şəxslərə zərər verilməsinin qarşısını almaq və beynəlxalq humanitar hüquqa riayət etməkdir.
Mütəxəssislər hesab edir ki, yaxın gələcəkdə döyüşlərdə havada, quruda və dənizdə eyni anda hücum edən çoxsaylı dron və robotlardan ibarət sistemlər istifadə olunacaq. Ukrayna ordusu insan itkisini azaltmaq üçün robot texnologiyalarına daha çox üstünlük verib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
