Cənubi Asiya ölkəsi Şri-Lanka sahillərində İran Hərbi Dəniz Qüvvələrinə məxsus olduğu bildirilən “IRIS Dena” adlı gəminin batırılması ilə bağlı məlumat yayılıb. Hadisə 4 mart səhər saatlarında qeydə alınıb.

Qall şəhər xəstəxanasına gətirilən yaralıların olduğu təcili tibbi yardım avtomobili
24media.az BBC-yə istinadən bildirir ki, rəsmilərin sözlərinə görə, gəmidən sübh çağı təcili yardım siqnalı daxil olub və dərhal xilasetmə əməliyyatı başladılıb. Gəminin sualtı hücuma məruz qaldığını iddia edilir. İlkin məlumata əsasən, 78 nəfər yaralı şəkildə xilas edilib, 101 nəfər isə itkin düşmüş hesab olunur. Bununla belə, rəsmi qurumlar itkin düşənlərin sayı ilə bağlı rəqəmləri hələlik təsdiqləmir.
Agentliyin müxbirləri liman şəhəri Qallda yerləşən xəstəxanalara yaralıların çatdırıldığını bildiriblər. Yaralıların vəziyyəti barədə ətraflı məlumat açıqlanmayıb.
Şri-Lanka-nın xarici işlər naziri Vicita Herat parlamentdə çıxışı zamanı qeyd edib ki, “IRIS Dena” gəmisindən daxil olan siqnal beynəlxalq sularda təhlükə vəziyyətini göstərdikdən dərhal sonra ölkə humanitar öhdəliklər çərçivəsində xilasetmə əməliyyatına qoşulub.
Hadisə regionda yüksək gərginlik fonunda baş verib. Son həftələrdə Yaxın Şərqdə İran ilə ABŞ və İsrail arasında qarşıdurma xəbərlərinin intensivləşdiyi bildirilir. Müxalifət təmsilçilərindən biri parlamentdə hökumətə müraciət edərək gəminin ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlarının bir hissəsi olaraq hədəfə alınıb-alınmadığına aydınlıq gətirilməsini tələb edib. Bu suala hələlik rəsmi cavab verilməyib.
Bu arada ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) 4 mart tarixində yaydığı açıqlamada İran Hərbi Dəniz Qüvvələrinə məxsus 17 gəminin batırıldığını bildirib. Açıqlamada həmin gəmilər arasında bir sualtı qayığın da olduğu qeyd edilsə də, onların hansı bölgələrdə məhv edildiyi barədə məlumat verilməyib.
Müşahidəçilər hesab edirlər ki, insident Hind okeanı və ətraf dəniz yollarında təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirə bilər. Region beynəlxalq ticarət marşrutları baxımından strateji əhəmiyyət daşıdığından mümkün hərbi eskalasiya qlobal nəqliyyat və enerji bazarlarına da təsir göstərə bilər.
Emiliya Vəlicanova
