Bu gün:

Küveytdə ABŞ döyüş təyyarələri “dost atəşi” ilə qəzaya uğrayıb


İsrail və ABŞ-nin İranda başladığı genişmiqyaslı hücumların üçüncü günündə Tehran da Vaşinqtonun Yaxın Şərqdə yerləşən hərbi bazalarına qarşı hücumlarını davam etdirir.

2 mart 2026-cı il tarixində Küveyt şəhərində ABŞ səfirliyinin yerləşdiyi ərazidən tüstü qalxdığı müşahidə olunub.

Küveyt Müdafiə Nazirliyi bazar ertəsi səhər saatlarında “bir neçə” ABŞ döyüş təyyarəsinin Küveytdə qəzaya uğradığını açıqlayıb.

ABŞ tərəfindən verilən bəyanatda Küveytdə üç reaktiv təyyarənin “dost atəşi” nəticəsində vurulduğu bildirilib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran əleyhinə həyata keçirilən “Epik Qəzəb” əməliyyatını dəstəkləmək məqsədilə uçuş həyata keçirən üç F-15 tipli döyüş təyyarəsinin “görünür, dost atəşi” nəticəsində Küveyt üzərində qəzaya uğradığını bəyan edib.

Məlumata görə, altı nəfərlik ekipaj təhlükəsiz şəkildə təxliyə olunub.

BBC tərəfindən təsdiqlənmiş videoda ABŞ-yə məxsus döyüş təyyarəsinin Küveyt şəhərində yerə çırpıldığı əks olunub.

Agentliklər daha əvvəl Küveytdə ABŞ səfirliyinin ətrafından tüstü qalxdığını bildiriblər.

ABŞ və Körfəz bölgəsindən altı müttəfiq ölkənin yaydığı birgə bəyanatda İranın bölgədəki fəaliyyətlərinin Yaxın Şərqin sabitliyini təhdid edən “təhlükəli eskalasiyaya” səbəb olduğu vurğulanıb.

Küveyt Xarici İşlər Nazirliyinin paylaşdığı açıqlamada bildirilib: “Mülki şəxsləri və münaqişədə iştirak etməyən ölkələri hədəfə almaq sabitliyi pozan məsuliyyətsiz davranışdır".

Əvvəlcə ərəb dilində yayımlanan bəyanat Küveyt, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ tərəfindən birgə imzalanaraq dərc edilib.

Bəyanatda İranın bölgədə hücumlarını davam etdirməsi səbəbilə “qanuni özünümüdafiə hüququmuzun bir daha vurğulandığı” qeyd olunub.

Mənbə: BBC News

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et